REGİONLAR


Fəttah Heydərov: Qəbələ festivalı hələ uzun illər yaşayacaq, Azərbaycanı dünyaya tanıdacaq VİDEO

Qəbələ, 1 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Qəbələ Beynəlxalq Musiqi Festivalı öz yubileyini, 10 yaşını qeyd edir. Festivalımız çox uğurla başlayıb. Gənc musiqiçilərimizin konsertləri artıq dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Əminliklə deyə bilərik ki, bu festival da uğurla davam edəcək. Çünki yarandığı gündən indiyədək festivalın əsas qayəsi insanları birləşdirmək, onları sülhə, əmin-amanlığa çağırmaq, Azərbaycanımıza qonaq dəvət etmək olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri X Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimində jurnalistlərə müsahibəsində Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib.

Qəbələ festivalının öz ənənəsini davam etdirərək gündən-günə genişləndiyini vurğulayan Ağsaqqallar Şurasının sədri bildirib ki, festivalda dünyanın bir çox ölkəsindən məşhur sənətkarlar, musiqiçilər, tanınmış insanlar iştirak edirlər: “İndi Azərbaycanımız sülhün, əmin-amanlığın, inkişafın, insana, vətəndaşa xidmətin nümunəsi kimi, eləcə də özünün multikultural və tolerantlıq istiqamətində gördüyü işlərə görə artıq dünyanın hər yerindən görünür. Bu gün Qəbələmiz də dünyanın hər yerindən görünür. Bu onun nəticəsidir ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət artıq Azərbaycanı, onun insanlarını dünyada tanıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan bu gözəl festival çox böyük inkişaf yolu keçib. 10 il ərzində təkmilləşib, püxtələşib, insanlara xidmət edib, onları gözəl işlərə, inkişafa, tərəqqiyə, mədəniyyətə, sülhə çağırıb”.

Fəttah Heydərov deyib: “Builki festivalımız da qarşıya qoyduğu vəzifəni yerinə yetirəcək, qonaqlarımız bundan razı qalacaqlar. Bu möhtəşəm musiqi bayramında iştirak edənlər görəcəklər ki, builki festival da özündən əvvəlki doqquz festival kimi qarşıya qoyulan vəzifələri ləyaqətlə yerinə yetirir, inkişaf edir, yaşayır. Qəbələ festivalı hələ uzun illər yaşayacaq, Azərbaycanımızı dünyada tanıdacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.