İQTİSADİYYAT
Fevralda “Azərişıq” ASC-yə müraciət edən sahibkarların sayı 2 dəfəyədək artıb
Bakı, 6 mart, AZƏRTAC
Fevralda “Azərişıq” ASC-yə “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün 449 sahibkar müraciət edib. Fevral ayı 28 gündən ibarət olmasına baxmayaraq, sahibkarların müraciəti ötən aylarla müqayisədə 2 dəfəyədək artıb.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, sahibkarların elektrik şəbəkəsinə qoşulmaqla bağlı müraciətlərinin sayının belə sürətlə artması sözsüz ki, aparılan islahatlarla bağlıdır. İki ay öncə, ötən il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” növbəti Fərman imzalanıb və Fərmana əsasən şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib. Bundan başqa, şəbəkəyə qoşulma ilə bağlı kVt-a görə vahid tarifin tətbiq olunması və “Azərişıq” ASC-nin elektron xəritəsinin “ASAN xidmət”in işinə inteqrasiya edilməsi də sahibkarların işini daha da asanlaşdırıb.
Bununla yanaşı, fevralda 3 min 344 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib. Ümumilikdə isə fevralda “Azərişıq” ASC-yə “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsi ilə 25 min 266 müraciət daxil olub.