İQTİSADİYYAT
Fevralda OPEC üzrə neft hasilatı azalıb
Bakı, 12 mart, AZƏRTAC
Fevralda Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) sutkalıq xam neft istehsalı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ay OPEC-in neft hasilatı yanvar ayı ilə müqayisədə 546 min barrel geriləyərək gündəlik 27 milyon 770 min barrel təşkil edib. OPEC-in dünya neft hasilatındakı payı isə 27,8 faiz olub.
Keçən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox İraq, Nigeriya və Anqola artırıb. İraqda gündəlik istehsal 86 min barrel artaraq 4 milyon 594 min barrel olub. Nigeriyanın sutkalıq hasilatı 29 min barrel çoxalaraq 1 milyon 789 min barrelə çatıb. Anqolada isə neft istehsalı 15 min barrel artaraq sutkada 1 milyon 390 min barrelə yüksəlib.
Fevralda kartelə üzv ölkələrdə neft istehsalı ən çox Liviya, Səudiyyə Ərəbistanı və Əlcəzairdə azalıb. Liviyanın gündəlik hasilatı 647 min barrel azalaraq 146 min barrelə düşüb. Səudiyyə Ərəbistanında istehsal 56 min barrel geriləyərək sutkada 9 milyon 683 min barrel təşkil edib. Əlcəzairdə isə hasilat 5 min barrel azalaraq 1 milyon 7 min barrel təşkil edib.
Ötən ay dünyadakı qazma qurğularının sayı yanvarla müqayisədə 49 ədəd artaraq 2281 olub. Həmin qurğuların 588-i OPEC-ə üzv ölkələrdədir.