İQTİSADİYYAT
Fevralda elektron arayış xidmətindən istifadə sayı 10 min 201-ə çatıb
Bakı, 12 mart, AZƏRTAC
Fevral ayında vətəndaşlar “Elektron hökumət” portalındakı “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” e-xidmətindən 10 min 201 dəfə istifadə ediblər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, sözügedən elektron xidmətdən hazırda “Bank of Baku”, “Unibank” ASC, “Accessbank”, “Bakı Ticarət Bankı”, “Muğanbank” ASC, “Bank Respublika” ASC, “AGBank” ASC, “Rabitəbank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC, BOKT “İnkişaf üçün Maliyyə” MMC və BOKT “İdeal Kredit” MMC faydalanmaqdadır.
Qeyd edək ki, “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vətəndaşlardan ən çox tələb olunan arayışların asanlıqla elektron şəkildə əldə edilməsi məqsədi ilə yaradılıb. Adları qeyd olunan banklara və bank olmayan kredit təşkilatlarına müraciət edən zaman vətəndaş bu xidmətdən istifadə edərək onlayn rejimdə “Elektron hökumət” portalına daxil olub, kredit almaq və digər məsələlər üçün özünə aid fərdi məlumatlar üzrə elektron arayışı təqdim etmək imkanını əldə edir.