İQTİSADİYYAT


Fevralın 11-i vergi xidməti əməkdaşlarının peşə bayramıdır

Bakı, 11 fevral, Ramiz Quliyev, AZƏRTAC

Fevralın 11-i Vergilər Nazirliyinin yaradılmasının 19-cu ildönümü və vergi xidməti əməkdaşlarının peşə bayramıdır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 11 fevral tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilərək onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi yaradılıb.

Bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü və ardıcıl iqtisadi siyasətin həyata keçirilməsində, ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti orqanlarının rolu durmadan artır.

Ölkə iqtisadiyyatında bazar münasibətlərinə keçidlə əlaqədar, yeni iqtisadi münasibətlər şəraitində prinsipial cəhətcə yeni vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə çatası vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə 1990-cı ilin iyul ayında Respublika Maliyyə Nazirliyinin tərkibində yaradılıb.

1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədilə xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılaraq müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlayıb.

Bu illər ərzində iqtisadiyyatda başlanan inkişaf meyillərini və sahibkarlara verilən dövlət dəstəyini sürətləndirmək məqsədilə ölkədə biznesin fəaliyyəti üçün cəlbedici vergi mühiti yaradılıb, vergi yükü azaldılıb, vergilərin sayı və dərəcələri optimallaşdırılıb, sahibkarlıq üçün əlverişli iqtisadi mühit formalaşdırılıb. Hazırda Azərbaycanın vergi qanunvericiliyi təkcə fiskal məqsədlərə deyil, həm də iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması, sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə də xidmət edir.

Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabətə davamlı olması üçün vergi sistemində beynəlxalq təcrübənin tətbiqi məsələləri daim diqqətdə saxlanılır. Bu məqsədlə nazirliyin beynəlxalq əlaqələri sürətlə genişləndirilir.

Vergi Məcəlləsindəki dəyişikliklər

Ötən ilin sonlarında vergi islahatları istiqamətində mühüm addımlar atılıb, Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Sözügedən dəyişikliklərdə sahibkarlığın inkişafı, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması başlıca yer tutur. Bu ilin yanvarından həyata keçirilən dəyişikliklər 5 əsas istiqaməti əhatə edir.

• Sahibkarlığın dəstəklənməsi;

• Vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması;

• Vergitutma bazasının genişləndirilməsi;

• Vergi inzibatçılığının təkmilləşdirilməsi;

• Vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi.

Sahibkarlığın dəstəklənməsi məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, sadələşdirilmiş verginin dərəcəsinin bütün ölkə ərazisində 2 faiz müəyyən edilməsi, pərakəndə ticarət və iaşə sahələrində nağdsız ödənişlər üzrə güzəştlərin verilməsi, inzibati şikayət zamanı bank hesabından və ƏDV-nin depozit hesabından pul vəsaitinin silinməsinin dayandırılması və digər məsələlər daxildir. Bu dəyişikliklər sırasında mikro və kiçik sahibkarlıq subyektləri üzrə sahibkarlığın dəstəklənməsi xüsusi yer tutur və onlar əsasən aşağıdakılardan ibarətdir:

• 2019-cu ildən mikro və kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vəsaitlər üzrə sürətli amortizasiya normaları tətbiq edilir;

• Kiçik sahibkarlıq subyektləri şəffaf uçot apardıqları halda, onlara əlavə vergi güzəşti verilir;

• Kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan etibarən 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən azad olunur;

• KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad edilir;

• KOB klasterinin iştirakçısı olan sahibkarlıq subyektlərinin gəlirlərinin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi – 7 il müddətinə mənfəət vergisindən azad olunur.

Nəzərə çatdıraq ki, mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsi daxildir. Mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər. “Startap” şəhadətnaməsi əldə etmiş mikro və kiçik sahibkarlıq fəaliyyəti subyektləri müvafiq şəhadətnaməni aldıqları tarixdən etibarən 3 il müddətinə gəlir və mənfəət vergisindən azad edilir.

Bütün bunlar sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətlərdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.