ELM VƏ TƏHSİL


Fevralın 26-sı ümumtəhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr ediləcək

Bakı, 19 fevral, AZƏRTAC

“Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tədbirlər planı təsdiqlənib.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirlər planında ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində fevralın 26-sı ilk dərslər Xocalı soyqırımına həsr ediləcək. Həmçinin “Xocalıya gedən yol” mövzusunda mühazirə, toplantı, dəyirmi masa və konfransların keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, “Xocalı faciəsi uşaq yaradıcılığında” mövzusunda bədii qiraət gecələri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgilər təşkil olunacaq. “Xocalı harayı” mövzusunda ədəbi-bədii kompozisiyalar, sənədli və bədii filmlər nümayiş etdiriləcək. Xocalı soyqırımından bəhs edən divar qəzetləri, bülleten, fotostendlər və guşələr hazırlanacaq.

Təhsil müəssisələrinin internet resurslarına Xocalı soyqırımını əks etdirən materiallar yerləşdiriləcək, keçirilən tədbirlər kütləvi informasiya vasitələri və televiziya kanallarında işıqlandırılacaq.

Təhsil müəssisələrinin müəllim və şagird kollektivi soyqırımı şahidləri ilə görüşəcək, “Ana fəryadı” abidəsini ziyarət edəcəklər.

Qeyd olunan tədbirlərin keçirilməsi ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.