MƏDƏNİYYƏT
“Fəxri mədəniyyət işçisi” döş nişanı təqdim olunub
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Bərdə rayonunda Bərdə, Tərtər və Ağdamdan olan bir qrup mədəniyyət işçisinə “Fəxri mədəniyyət işçisi” döş nişanlarının təqdimat mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hər zaman mədəniyyət işçilərinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb: “Bütün sahələrdə olduğu kimi ölkəmizdə mədəniyyət sahəsinin inkişaf etdirilməsi də Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Sevindirici haldır ki, bu gün ölkəmizin regionlarında da mədəniyyət sahəsi özünün inkişaf dövrünü yaşayır. Son illər ərzində bir sıra böyük layihələr həyata keçirilir və bunun sayəsində Azərbaycan mədəniyyəti dünyada çox geniş şəkildə təbliğ olunur”.
Nazir təltif olunmuş mədəniyyət işçilərini bir daha təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra 10 nəfər mədəniyyət işçisinə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanları təqdim olunub.