MƏDƏNİYYƏT


Fəxriyyə Xələfova: “Ermitaj”la olan layihəm sübut etdi ki, dünyanın məşhur muzeyləri belə yaradıcılığa biganə qalmırlar VİDEO

Bakı, 19 dekabr, Xanım Nağıyeva, AZƏRTAC

Rusiyanın Sankt-Peterburq şəhərindəki dünya şöhrətli “Ermitaj” muzeyinin daimi ekspozisiyasında tanınmış rəssam-modelyer, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfovanın işləri yer alıb. Bu münasibətlə AZƏRTAC-ın müxbiri tanınmış rəssam-modelyerlə görüşüb. Onunla müsahibəni təqdim edirik.

- Bu yaxınlarda daha bir yaradıcılıq uğurunuzun şahidi olduq. Sankt-Peterburqdakı “Ermitaj” muzeyinin kostyum qalereyasında üç geyim modeliniz sərgilənir. İstərdim, əvvəlcə “Ermitaj günləri”ndən danışaq, təəssüratlarınız oxucularımız üçün maraqlıdır.

- "Ermitaj" muzeyinə məktəbli olarkən valideynlərimlə birliklə getmişdim. Muzeyin təəssüratı illər boyu qəlbimdə yaşayıb. "Ermitaj" muzeyində çox nadir sənət inciləri toplanıb ki, bu da muzeyi ziyarət edən insanların dünyagörüşünə çox böyük təsir göstərir. Sankt-Peterburq şəhərində "Sankt-Peterburq moda paytaxtı" şüarı altında mədəniyyət forumu təşkil olunmuşdu. Mən də forumda çıxış etdim. Forum çərçivəsində "Ermitaj" muzeyinin çox mehriban kollektivi ilə tanış olduq və onlar yeni açılan kostyum qalereyası haqqında mənə məlumat verdilər. Bildirildi ki, qalereyaya XXI əsrdə müasir yaradıcı dizaynerlərin geyimlərindən ibarət kolleksiya toplayacaqlar. Bu qalereyanın açılmasında əsas məqsəd odur ki, yaşadığımız əsrdə geyim nümunələri də sənət əsəri hesab olunur.

Bu gün dəb diqqət mərkəzindədir, insanların maraq dairəsindədir. Muzeydə maraqlı geyim eksponatları ilə tanış olmaq gənc nəsildə zövqün inkişafına xidmət edir, həm də bir kolleksiyada müxtəlif dəb istiqamətləri, yaradıcılıq texnikaları, yanaşmaları göstərmək gələcəkdə muzeyə gələn teatr rəssamlarının, kinorejissorların, gənc modelyerlərin, bir sözlə moda ilə maraqlanan hər kəsin zövqünə, təfəkkürünə çox böyük təsir edəcək.

Razılıq əldə olunduqdan sonra geyimlərimin texniki və yaradıcı izahını, bu geyimlərin məhz nəyə görə muzey eksponatına çevrilməsi və öz yaradıcılığım haqqında dolğun məlumatları muzeyə təqdim etdim. Təbii ki, bütün məlumatlar və təqdim etdiyim konsepsiyam araşdırıldıqdan sonra "Ermitaj" muzeyinin direktoru, akademik Mixail Piotrovski ilə imzalanan razılaşmaya əsasən, mənim də geyimlərin ekspozisiyaya daxil edildi.

- Muzeyin ekspozisiyasına daxil edilən bu üç geyim hansı özəlliklərinə görə seçildi?

- Mənim tərəfdən bir neçə variantda geyim təklif olunmuşdu, ekspert komissiyasının üzvləri saytım vasitəsilə geyim kolleksiyalarımla tanış olublar. E-mail vasitəsilə mənə yazdılar ki, 2014-cü ildə Parisdə təqdim etdiyim "Şərq cazibəsi" kolleksiyasından iki geyimi xüsusi olaraq seçiblər və bu iki geyimi muzeydə nümayiş etdirmək arzusundadırlar. Mən də çox böyük məmnuniyyətlə bu seçimlə razılaşdım və ekspert komissiyasının kolleksiyamın bəlkə də ən xüsusi geyimlərini seçdiyini anladım. Təbii ki, bu geyimlərlə vidalaşmaq çətin olsa da, onların dünyanın ən məşhur muzeylərindən birində sərgilənməsi, təbii ki, böyük uğurdur.

Birinci geyimdə başlanğıcını Qafqaz Albaniyasından götürən qədim ornamentdən - Günəşin rəmzi olan medalyonlardan istifadə etmişəm. Muzey əməkdaşları Sankt-Peterburqda günəşli havaların az olduğunu nəzərdə tutaraq belə bir ifadə işlətdilər ki, siz bizə günəşi bağışladınız. Bu da hamıda çox pozitiv təəssürat oyadır. İkinci geyimimdə isə çox maraqlı rəng çalarları var. Şərq üslubunda olan paltar "Misilsiz dəbdəbə" kolleksiyamdandır. Onun yarımqiymətli daşlarla bəzədilməsi dəyərli olduğunu bir daha sübut edir. Digər paltar isə XIX əsrin ikinci yarısına aid olan rokoko üslubundadır. Bu Avropa üslubundan hazırda ziyafət və gəlinlik dəbində istifadə olunur.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, əsas məqsədiniz hazırladığınız geyimlərin beynəlxalq podiumlarda nümayiş etdirilməsidir. Bu gün demək olar ki, bu məqsədə çatmısınız.

- "Neft ilahəsi" adlandırdığım birinci kolleksiyamdan başlayaraq mənə müxtəlif festivallara, sərgilərə qatılmaq üçün dəvətlər gəlirdi. Bütün bu dəvətləri dəyərləndirirdim. Təbii ki, müsabiqələrdə, festivallarda rəqabət də var idi. Ən böyük arzum Parisdə geyimlərimin nümayiş olunması idi. İlk belə nümayiş 2007-ci ildə baş tutdu, sonra 2014-cü və 2017-ci illərdə mənim geyim kolleksiyalarım dəbin mərkəzi Parisdə tamaşaçı önünə çıxarıldı. Üzərimdə çox işləyirdim. Çünki beynəlxalq tədbirlərdə iştirak etmək çox məsuliyyətlidir. İstəyirsən ki, yaradıcılığın həm moda tənqidçiləri, həm də media tərəfindən yüksək qiymətləndirilsin, onda gərək əzmlə çalışasan. Beynəlxalq festivallarda çox böyük media diqqəti ilə qarşılaşıram. "Ermitaj günləri"ndə də Sankt-Peterburq mediasına çox maraqlı müsahibələr verdim. Belə bir nəticəyə gəldim ki, insanlar üçün hər zaman maraqlı hadisələr vacibdir. "Ermitaj" muzeyində sərgilənən geyimlərimlə bağlı jurnalistlər bir çox suallar verdilər. Onlar geyimlərdə olan yeniliklər, fərqlərlə maraqlanırdılar. Azərbaycanlı modelyer kimi suallara cavab verərkən böyük qürur hissi keçirirdim ki, təqdim etdiyim geyimlərdə Azərbaycanın milli ornamentləri, qədim naxışları var.

- Bu gün kolleksiyalarınız "Made in Azebaijan" brendi adı altında satışa çıxarılır. Ümumiyyətlə, əcnəbi dəbsevərlərin Azərbaycan modelyerinin geyimlərinə marağı necədir?

- Həm iştirak etdiyim beynəlxalq festivallar, həm moda həftələrində geyimlərimə böyük maraq hiss etmişəm. Geyimlərimdə Avropa dəbinin ən parlaq ideyaları ilə birlikdə məhz Azərbaycan mədəniyyətinə xas olan elementlər var. İnsanlar bu fərqli yanaşmanı hiss edirlər.

Beynəlxalq tədbirlərdə daha çox iştirak etməklə geyimlərimizə daha böyük maraq yaratmaq olar. "Ermitaj" muzeyi ilə olan layihəm sübut etdi ki, dünyanın məşhur muzeyləri belə yaradıcılığa biganə qalmırlar. Geyimlərimin dünyanın məşhur satış mərkəzlərində təqdim olunmasına gəlincə, deməliyəm ki, çox böyük rəqabət var. Bu rəqabətdə hansı addımlar atmalı olduğumuz isə böyük marketinq tələb edir. Ölkəmizdə daha çox xarici brendlərə aid olan geyimlər satılır. Amma sevinirəm ki, Azərbaycanda moda peşəsi, moda evlərinin fəaliyyəti çox aktivdir. Görürəm ki, bizim xanımlar çox böyük həvəslə yerli dizaynerlərimizə müraciət edirlər. Bu, davam etdirilməlidir. Bizim digər yaradıcı modelyerlərimiz öz kolleksiyalarını dünya bazarında satışa çıxara bilsələr, inkişaf daha çox olar. Fikirləşirəm ki, nə yaxşı vaxtında əmək sərf edərək nümunəvi işlər gördüm. Bu işlər dəb sahəsində inkişaf üçün gənclərə nümunə, cəmiyyətə isə stimuldur.

- Hazırda hansı yeni geyimlər üzərində çalışırsınız? Növbəti ildə dəbsevərləri "Fakhriya Khalafova" moda evinin hansı yenilikləri gözləyir?

- Hər zaman çalışıram elə istiqamətlər seçəm ki, nəticə gözəl sonluğa gətirib çıxarsın. Əvvəlki kolleksiyalarımdan bir geyim var. Arzum var ki, o geyimi "Ginnesin Rekordlar Kitabı"nın qeydiyyatından keçirim. Bu paltar üzərində böyük buta əks olunub. Buta naxışından indi dünyanın hər yerində müxtəlif brendlər istifadə edirlər. Hər zaman arzulanan və sevilən bir naxışdır. Bu geyimlə bir daha təsdiqləmək istəyirəm ki, buta ən gözəl və parlaq ifadəsini məhz Azərbaycan naxışı kimi tapdı. Növbəti addımlara gəlincə isə, indi kolleksiyalarımı nümayiş etmək məqsədilə deyil, satış məqsədilə daha çox gündəlik geyimlər təqdim etmək istəyirəm.

- Ümumiyyətlə, 2018-ci ildə moda ilə ayaqlaşan insanlar hansı tendensiyalarla qarşılaşacaq? Azərbaycanda olan dəb həvəskarları bu yenilikləri necə qarşılayacaq?

- Verilən proqnozlara görə, növbəti ilin dəbi romantik əhval-ruhiyyəli olacaq. Beynəlxalq rəng təşkilatı "Pantone" 2018-ci ilin ən populyar rənginin bənövşəyi olacağını bildirib. Bu mənim ən çox sevdiyim rənglərdən biridir və kolleksiyalarımda hər zaman bu rəngə üstünlük verirəm. Ona görə ki, bu rəng düşüncənin, intellektin, intuisiyanın rəngi sayılır. Təbii ki, hamı bir rəngdə geyinə bilməz. Məsələn, bənövşəyi zümrüd rəngi boz çalarlarla və qara rənglə də çox maraqlı kombinasiya təşkil edir.

Bu il zərif və incə geyimləri də çox görə biləcəyik. Hamımızın sevdiyi və üstünlük verdiyi idman üslubunda olan geyimlər, cinslər də aktuallığını qoruyub saxlayacaq. Klassik geyimlə idman üslubunu düzgün kombinasiya etmək də uğurlu seçimdir. Folklor üslubuna və irihəcmli bəzək əşyalarına üstünlük veriləcək. Müxtəlif şallar, şərflər dəbdə olacaq ki, fürsətdən istifadə edib biz də öz milli kəlağayılarımızdan istifadə edə bilərik.

- 2010-cu ildən etibarən Sizin ətir kolleksiyalarınız istehsal olunaraq satışa buraxılır. Bu ətirlər qısa müddət ərzində alıcılar tərəfindən böyük rəğbətlə qarşılandı. Bu sahədə hansı yeniliklər olacaq?

- Ətir istehsalı da mənim üçün xüsusi bir istiqamətdir. Demək olar ki, 7 ildir bu layihəm uğurla davam edir. Bu illər ərzində xanımlar məhz mənim ətirlərim üzərində seçim aparırlar. Çox sevindirici haldır ki, satış statistikamız məni hər zaman qane edib. Yeni iki qadın ətri və bəylərimiz üçün nəzərdə tutulan bir ətrin formulaları üzərində işləyirəm. Bu uzun bir prosesdir. Gərək formula məni qane etsin ki, ətrin istehsalına başlayaq. Yəqin ki, növbəti iki il ərzində yeni ətirlərimi təqdim edəcəyəm.

- Maraqlı müsahibə üçün təşəkkür edir, işlərinizdə uğurlar arzulayırıq.

- Çox sağ olun. Mən fürsətdən istifadə edib qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edirəm. Hamıya yeni ildə uğurlar və cansağlığı arzulayıram.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.