QAN YADDAŞI


Feysəl Əl-Savvağ: Xocalı - dünya ictimaiyyətinin vicdanını qanadan faciədən 26 il ötür

Bakı, 27 fevral, AZƏRTAC

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Küveytin elektron media birliyinin idarə heyətinin sədri Feysəl Xəlifə Əl-Savvağ bəyanat verib.

Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, F. Əl-Savvağ bəyanatında bu cinayətin tarixə və dünyanın vicdanına həkk olunacağını, zaman keçsə də silinməyəcəyini, Xocalı soyqırımının XX əsrdə ən ağır faciələrdən biri olduğunu vurğulayıb. Bildirib ki, Xocalı faciəsini törədənlər cəzalandırılmalı, şəhəri xarabaya çevirənlər daim qeyri-insanlar kimi xatırlanacaqlar. Əl-Savvağ tarixdə ən amansız qətllərə və əzab-əziyyətlərə məruz qalan Azərbaycan xalqının problemi ilə əlaqədar ədalətli qərarların qəbul olunması üçün diplomatik vasitələrin və media qurumlarının səylərinin davam etdirilməsinin vacibliyini qeyd edib, habelə Küveyt Əmirinin problemlərlə üzləşmiş xalqların hüquqlarının qorunması və ədalətli mövqelərinin dəstəklənməsi istiqamətində səylər göstərdiyini deyib.

Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Nahar” qəzetində “Səfir Qəhrəman Küveytin regional və beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirir” və “Əl-Cəridə” qəzetində “Azərbaycan səfirliyi Xocalı soyqırımının 26-cı ildönümünün Küveyt tərəfindən dəstəyini yüksək qiymətləndirir” sərlövhəli məqalələr dərc edilib. Məqalələrdə Azərbaycanda XX əsrin ən ağır faciələrdən biri olan Xocalı soyqırımının 26-cı ildönümünün yad edildiyi qeyd olunur. Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini işğal etdiyi və orada xalqımıza qarşı soyqırımı törətdiyi, habelə Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin insan haqlarını kobud şəkildə pozduğu bildirilib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti kütləvi qırğın zamanı 613 nəfərin, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanın qətlə yetirildiyi, 1275 dinc sakinin əsir götürüldüyü, 150 nəfərin taleyinin hələ də məlum olmadığı, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideyni, 130 uşağın valideynlərindən birini itirdiyi, 76-sı uşaq olmaqla 487 nəfərin yaralandığı qeyd edilib.

Məqalələrdə dost Küveyt Dövlətinin Ermənistanın işğalçılıq siyasətini daim pislədiyi, eyni zamanda, BMT, İƏT tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, Azərbaycan ərazilərinin işğaldan azad olunmasını tələb edən qətnamələrin qəbul olunmasında qardaş mövqe nümayiş etdirdiyi vurğulanır. Xocalının Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olduğu, orada qədim abidələrin mövcudluğu barədə məlumat verilib.

Bundan başqa, Küveytin “Əl-Rasid” və “Dəsmən” elektron qəzetlərində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar səfirliyin press-relizi dərc olunub. Pres-reliz, həmçinin Küveytin “Fox news”, “Mustaqbal news”, “Kuwait now”, “Əl-Rəy əl-Əxbəriyyə”, “Kəyfən”, “Vaqt news”, “Əl-Yəum əl-Səbia”, “Əl-Məsər”, “Zəvəyə”, “Arab Times” və “DNN news” elektron qəzetlərinin rəsmi twitter səhifələrində paylaşılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.