MƏDƏNİYYƏT


Fəyyaz Quliyev: Füzuliyə qayıdan kimi, ilk olaraq qədim əcdadlarımızın yaşadığı Azıx mağarasına gedəcəyəm

Bakı, 31 oktyabr, Məmməd Məmmədli, AZƏRTAC

Füzuli rayonu özünün qədim tarixi abidələri ilə tanınan yaşayış məskənlərimizdəndir. Ən əvvəl onu deyim ki, 1968-ci ildə rayondan 15 km aralıda olan Azıx mağarasından Azıxantrop adamının alt çənə sümüklərinin tapılması, 1500 ildən də çox bir dövrdə burada insanların yaşadığının tarixi sübutu idi. Təəssüflər olsun ki, Füzuli rayonunun ərazisində XIII-XIX əsrlərə aid olan bir sıra abidələrimiz, sonrakı dövrdə isə rayonumuzda inşa olunmuş yeni mədəniyyət obyektlərimiz də erməni qəddarlığı nəticəsində dağıntılara məruz qalmışdır. Lakin bunlar bizim iradəmizi qıra bilmədi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Füzulidən olan tarzən Fəyyaz Quliyev deyib.

“1993-cü ildə rayonumuz işğal olunanda 12 yaşım vardı. Məcburi köçkün kimi ilk vaxtlar çadır şəhərciklərində yaşadıq, sonradan dövlətimizin qayğısı sayəsində evlə təmin olunduq, necə deyərlər, ayaq üstə durmağı bacardıq. Hər il avqustun 23-ü tarixini kədərlə, həm də qəzəblə xatırlayırdıq. Amma bu günlərdə - oktyabrın 17-də Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun igidliyi sayəsində doğma yurdumuzun işğaldan azad olunması xəbərini eşidəndə sevincimizin həddi-hüdudu olmadı. Bu xoş xəbərdən kövrəldim, hətta sevinc göz yaşlarımı da saxlaya bilmədim, çünki mənim uşaqlıq xatirələrim Füzuli ilə bağlıdı.

Yenilməz Ordumuzun Füzulidə və digər işğal olunmuş torpaqlarımızda öz gücünü göstərməsi bizə qürurverici anlar yaşatdı. Biz Kəlbəcərimizi, Şuşamızı, Xankəndimizi, ümumilikdə bütün Qarabağımızı istəyirik, çünki bu torpaqlar Azərbaycanın ayrılmaz bir parçasıdır. Son illər işğalda olan doğma Qarabağı və onun ətrafında olan yeddi rayonu böyük nisgillə xatırlayırdıq. Sanki bir tərəfimiz qoparılıb çuxura düşmüşdü, amma indi bu çuxurdan çıxaraq böyük Qələbəyə doğru addımlayırıq. İnanıram ki, rəşadətli ordumuz üçrəngli bayrağımızı Xankəndinə, Şuşaya da sancacaq”.

Fəyyaz uşaqlıq çağlarından musiqiyə, muğamlarımıza böyük maraq göstərib. Bu səbəbdən də muğam sənəti üzrə təhsil alıb. Hazırda o, öz sənətimi inkişaf etdirməklə yanaşı, bir neçə musiqi alətində, o cümlədən tarda, sazda da ifa edir: “Mənim tarda ilk şah əsərim “Qarabağın qara bəxti” olub. Şükürlər olsun ki, Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Qarabağın bağlı qapıları üzümüzə açılır. Həsrətimizə son qoyulur. Füzuliyə qayıdacağım günü səbrsizliklə gözləyirəm. Doğma torpağıma ayağım dəyən kimi, ilk olaraq Ərgünəş dağındakı qədim əcdadlarımızın yaşadığı Azıx mağarasına gedəcəyəm.

Qarabağ torpağı böyük sənətkarlar yetişdirib. Bizim Xan Şuşinski, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Ağabala Abdullayev, Süleyman Abdullayev, Qəndab Quliyeva kimi sənətkarlarımız olub. Bu gün onların sənət məktəbində yetişən xanəndələrimiz də var. Vaxtilə onların ifa etdikləri muğamları radio dalğalarında çox dinləmişəm, hər birindən nələrsə öyrənməyə çalışmışam. Mənim tarda ən çox sevdiyim, ifa etdiyim Ağabala Abdullayevin “Zabu segahı”dır.

Allah müzəffər ordumuza qüvvət versin, tezliklə işğalda olan bütün torpaqlarımız azad olsun, biz də yurdlarımıza qayıdaq. İnşallah, mən də Füzuliyə qayıdıb öz tarımla fəaliyyətimi orada davam etdirəcəyəm. Qələbə bizimdir. Qarabağ Azərbaycandır!”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.