CƏMİYYƏT
Fidan Etibarlı: Əminik ki, Azərbaycan gəncləri daha böyük uğurlara imza atacaqlar
Bakı, 1 fevral, Leyla Qurbanova, AZƏRTAC
Ulu öndər Heydər Əliyev gənclərimizin mükəmməl təhsil almalarının, həyatı dərindən öyrənmələrinin, dünyada gedən prosesləri bilmələrinin, xalqına, dövlətinə xidmət etmələrinin əhəmiyyətini daim xüsusi vurğulayırdı. Sevindirici haldır ki, bu gün Azərbaycanda ümummilli lider Heydər Əliyevin görmək istədiyi gənclik formalaşıb. Bu gün Azərbaycanda yüksək təhsilli, geniş dünya görüşlü, xalqına, Vətəninə layiqli gənclər yetişiblər. Ən əhəmiyyətlisi də odur ki, müstəqil Azərbaycanın əldə etdiyi uğurlarda gənclərin rolu getdikcə artır.
Bu sözləri 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ümummilli lider Heydər Əliyevin xatirəsini anmaq üçün Fəxri xiyabana gələn fəal gənc, Bakı Dövlət Universitetinin tələbəsi Fidan Etibarlı AZƏRTAC-a müsahibəsində deyib.
O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra həyatın bütün sahələrində köklü dəyişikliklər baş verib, gənclərin mənəvi və fiziki inkişafına, eləcə də onların dövlət quruculuğu prosesinə geniş cəlb olunmasına xüsusi diqqət yetirilib. “Bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycan gəncliyi öz inkişafının yeni dövrünü yaşayır və böyük nailiyyətlər əldə edir. Gənclərimizin sorağı dünyanın ən mötəbər kürsülərindən gəlir. Əminik ki, Azərbaycan gəncləri daha böyük uğurlara imza atacaq”.