REGİONLAR
Fidan və Xuraman Qasımova bacıları: Qəbələ festivalına görə Heydər Əliyev Fonduna təşəkkür edirik
Qəbələ, 31 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ VIII Beynəlxalq Musiqi Festivalı çox yüksək səviyyədə təşkil edilib. Musiqisevərlər 7 gün davam edəcək festivalda bir çox dünya şöhrətli musiqi kollektivlərinin maraqlı konsert proqramından zövq almaq imkanı əldə edirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində festivalda iştirak edən Fidan və Xuraman Qasımova bacıları deyib. Azərbaycanın görkəmli opera müğənniləri musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ festivalının builki proqramının çox zəngin olduğunu bildiriblər: “Dünyanın məşhur musiqiçiləri bu günlərdə Qəbələyə gəlirlər. Hər gün kamera musiqisi zalında və açıq səma altında təşkil olunan konsertlərdə tamaşaçı izdihamı yaşanır. Bu il festivalın iştirakçıları və qonaqları arasında daha məşhur kollektivlər, müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarlar var”.
Qasımova bacıları qeyd ediblər ki, Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri ilə, məşhur musiqiçilərlə yaxından tanış edir. Belə gözəl təbiət qoynunda, açıq havada təşkil olunan festival üçün Heydər Əliyev Fonduna təşəkkür edirik. Burada gündə iki və ya üç konsert olur, fərqli musiqi əsərləri səsləndirilir. Ona görə də Qəbələdəki bu festival haqqında hələ çox danışılacaq.