REGİONLAR
Fidanların bayram sevinci
Füzuli, 16 mart, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrında məktəbəqədər müəssisələrin fidanlarının iştirakı ilə "Hər birimiz bir çiçək" adlı bayram tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində fəaliyyət göstərən uşaq bağçalarının kollektivlərinin, valideynlərin və rayon ictimaiyyətinin nümayəndələrinin qatıldığı tədbirdə çıxış edənlər uşaqları Novruz bayramı münasibətilə təbrik edərək, onlara firavan gələcək arzulayıblar.
Sonra uşaqlar rəqs nömrələri ilə çıxış ediblər. Təqdim olunan Azərbaycan və dünya xalqlarının rəqsləri alqışlarla qarşılanıb. Tədbirdə uşaqlara hədiyyələr təqdim olunub.
Füzuli Dövlət Dram Teatrının aktyorlarının ifasında bayram proqramı uşaqlara xoş anlar yaşadıb. Novruz bayramının əsas personajları olan Kosa və Keçəl şən zarafatlar edib, uşaqları əyləndirib.