ELM VƏ TƏHSİL


Fikrət Əliyev: Jurnalımızın “Web of Science Awards 2018” mükafatına layiq görülməsi Azərbaycan elminin böyük nailiyyətidir

Bakı, 5 dekabr, P.İmanova, AZƏRTAC

“Tətbiqi və Hesablama Riyaziyyatı” (“Applied and Computational Mathematics”) jurnalının “Web of Science Awards 2018” mükafatına (Q1 siyahısına daxil olmaq nominasiyası) layiq görülməsi Azərbaycan elminin böyük nailiyyətidir. Azərbaycan alimlərinin əməyinin bu cür yüksək səviyyədə qiymətləndirilməsi bizi ruhlandırır və gələcəkdə daha səmərəli işləmək üçün qarşımıza böyük vəzifələr qoyur.

Bunu AZƏRTAC-a müsahibəsində “Tətbiqi və Hesablama Riyaziyyatı” jurnalının baş redaktoru, Bakı Dövlət Universiteti (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Fikrət Əliyev söyləyib.

Müasir dövrdə ölkəmizdə elm sahəsinin inkişafında mühüm addımların atıldığını qeyd edən F.Əliyev “Web of Science” təşkilatı tərəfindən institut və jurnalların, müxtəlif sahələrdə çalışan alimlərin fəaliyyətinin qiymətləndirildiyini söyləyib.

Akademik bildirib ki, 2002-ci ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və AMEA-nın dəstəyi ilə BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda buraxılan “Tətbiqi və Hesablama Riyaziyyatı” jurnalı Azərbaycanın elm tarixində ilk və yeganə elmi nəşr olaraq 2008-ci ildə “Thomson Reuters” agentliyinin (indiki “Clarivate Analytics”) genişləndirilmiş siyahısına daxil edilib. Jurnal 2010-cu ildən impakt faktor (keyfiyyət dərəcəsi) alıb. Ötən 8 ildə jurnal bu sahədə öz liderliyini qoruyub saxlaya bilib. “Tətbiqi və Hesablama Riyaziyyatı” “Web of Science” təşkilatının yeganə impakt faktorlu Azərbaycan elmi jurnalıdır.

Son zamanlar Azərbaycanın bir sıra jurnallarının bu təşkilatın siyahısına daxil edildiyini deyən alim həmin nəşrlərin hələlik heç birinin keyfiyyət dərəcəsinin olmadığını bildirib.

F.Əliyev diqqətə çatdırıb ki, 2017-ci il üçün “Tətbiqi və Hesablama Riyaziyyatı” beynəlxalq elmi jurnalının keyfiyyət dərəcəsi 2.365-ə yüksəlib. Jurnal dünyada bu siyahıda tətbiqi riyaziyyat, yüksək texnologiyalar sahəsi üzrə yer alan 252 beynəlxalq nəşr arasında 19-cu, Avropa İttifaqında 4-cü, keçmiş sovet ölkələri sırasında isə 1-ci yerdədir. Beynəlxalq elmi jurnalının redaksiya heyətinə dünyanın 18 ölkəsindən 32 görkəmli alim daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.