İDMAN
Fikrət Sideifzadə: Qadın şahmatçılarımız hazırlıqlarını fərdi qaydada davam etdirirlər
Bakı, 20 mart, AZƏRTAC
Koronavirus pandemiyası səbəbindən şahmat məşqləri təxirə salınsa da, şahmatçılarımız fərdi şəkildə hazırlıqlarını davam etdirirlər. Azərbaycanın qadın şahmatçılarını bu il bir sıra turnirlər gözləyir. Komandamızın üzvlərinin iyun ayında Rumıniyanın Mamaya şəhərində qadınlar arasında keçiriləcək şəxsi Avropa çempionatında iştirakı planlaşdırılıb. Məqsəd şahmatçılarımızın həmin yarışda yüksək səviyyədə iştirakını təmin etməkdir.
Bu sözləri qadınlardan ibarət yığma komandanın baş məşqçisi Fikrət Sideifzadə AZƏRTAC-a müsahibəsində deyib. O qeyd edib ki, qitə çempionatına bu ilin mart ayının birinci yarısında qadınlar arasında keçirilmiş respublika turnirində ilk üç yerə layiq görülmüş şahmatçılar vəsiqə qazanıblar.
Xatırladaq ki, qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında Xanım Balacayeva birinci, Gövhər Beydullayeva ikinci, Gülnar Məmmədova üçüncü yeri tutublar.