İDMAN
Fikrət Sideifzadə: Şahmatçılarımız Avropa kubokunda yüksək nəticələr qazanırlar
Bakı, 18 noyabr, AZƏRTAC
Monteneqroda keçirilən klublararası Avropa kubokunda qadınlardan ibarət “Odlar Yurdu” komandası dördüncü, kişilərin mübarizəsində isə “Vüqar Həşimov” klubu səkkizinci olub. Şahmatçılarımız komanda hesabında medal qazana bilməsələr də, şəxsi yarışlarda yüksək nəticələr göstəriblər.
Bu sözləri qadınlardan ibarət yığma komandanın baş məşqçisi Fikrət Sideifzadə AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
F.Sideifzadə bildirib ki, “Vüqar Həşimov” klubunu təmsil edən Əhməd Əhmədzadə Avropa kubokunda qızıl, Aydın Süleymanlı gümüş, Rauf Məmmədov bürünc medal qazanıblar. Qadınların yarışında isə Zeynəb Məmmədyarova gümüş, Günay Məmmədzadə və Xanım Balacayeva isə bürünc medallara layiq görülüblər. Ümumilikdə “Vüqar Həşimov” klubunun qitə kubokunda debütünü uğurlu saymaq olar. “Odlar Yurdu” komandası mükafata çox yaxın olsa da, dördüncü yerlə kifayətləndi. Bu, komandamız üçün yaxşı nəticədir. Çünki turnirdə çox güclü komandalar mübarizə aparırdı”.
Baş məşqçi qeyd edib ki, “Alkoloid” klubunda çıxış edən qrossmeysterimiz Şəhriyar Məmmədyarov birinci taxtada ən yaxşı nəticə göstərərək Avropa kubokunun qalibi olub. A.Süleymanlı və Ə.Əhmədzadə isə bu turnirdə qrossmeyster normasını yerinə yetiriblər.