MƏDƏNİYYƏT


Filarmoniya bağı - keçmişlə bu günün harmoniyası

Bakı, 2 sentyabr, AZƏRTAC

Filarmoniya bağı paytaxt sakinləri və qonaqların ən çox ziyarət etdiyi məkanlardan biridir. Bağın geniş ərazisi, yaşıl örtüyü, fəvvarələri, qəlboxşayan həzin musiqi sədaları buraya yolu düşən hər kəsi valeh edir. İçərişəhərin qala divarına bitişik ərazidə salınan, uzun müddət qədim Bakının yeganə istirahət məkanı olan və müxtəlif adlarla tanınan bağın maraqlı tarixçəsi var.

“Qorodskoy sad”dan Filarmoniya bağınadək...

Sahəsi 4,6 hektar olan bağ 1830-cu ildə Bakının komendantı R.R.Xoven tərəfindən salınıb. Komendant İrandan Bakıya gələn gəmiləri bir çuval qara torpaq müqabilində vergidən azad edib. Gəmiçilərin gətirdiyi münbit torpaqda əkilən bitkilər sahilyani ərazidə floranı zənginləşdirib və tədricən bağ "yaşıl ada"ya çevrilib. 

İlk vaxtlar “Qorodskoy sad” – “Şəhər bağı” kimi tanınan ərazi, sonradan II Nikolayın qardaşı Mixailin adını daşıyıb. Lakin şəhər sakinləri onu nadir hallarda “Mixail bağı” adlandırıblar, onlar həmin ərazini daha çox “Qubernator bağı” kimi tanıyıblar. Qubernatorun evi bağla üzbəüz olub və o, hər gün eyvanda oturub çay içə-içə bağı seyr edirmiş. Bağın adı da elə buradan qaynaqlanıb.

Sovetlər dövründə ona “Pioner bağı” adı verilib. Qəzəlxan-şair Əliağa Vahidin büstü bağa qoyulandan sonra isə onu “Vahid bağı” da adlandırıblar. Son yenidənqurma və bərpa işlərindən sonra bağ ərazidə yerləşən Filarmoniyanın adı ilə tanınıb.

XIX əsrin 60-70-ci illərində bağın ərazisi xeyli genişləndirilib. Bir neçə onilliklər keçəndən sonra isə burada dekorativ ağaclar və kollar əkilir, rəqs meydanı, hovuz, çardaq, meydançalar düzəldilir. Deyilənə görə, sadə şəhərlilərə yalnız həftənin bir günü girməyə icazə verilib. Yüksək vəzifəli şəxslər və neft milyonçularına isə bağın qapıları həmişə açıq olub. Ötən əsrin əvvəllərində Şəhər Dumasının qərarı ilə həmin ərazidə indiki Filarmoniya binasının tikilməsi o vaxtlar Qubernator bağı adlanan istirahət guşəsinin şöhrətini daha da artırıb.

Ekranlarda qalan izlər

Maraqlıdır ki, Filarmoniya bağı bir çox kinofilmlərdə çəkilən müəyyən epizodlarının məkanı olub. Məşhur “Gün keçdi” filminin qəhrəmanlarının qar topu oynamaq səhnəsi burada çəkilib. Son illərin sevilən romanı olan "Əli və Nino"nun qəhrəmanlarının bağda oturaraq söhbətləşməyi də burada ekran həyatı yaşayıb. Əsərdə Əli "Qubernator bağı"nı “Bakının qumlu torpağında böyük zəhmətlə salınmış bağ” kimi xatırlayır. Görkəmli yazıçı Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında Bakının qədim keçmişindən bəhs edərkən bağ haqqında xeyli qeydlər edib.

Müasir Filarmoniya bağı

Prezident İlham Əliyev 2007-ci ilin mayında bağda abadlıq və yenidənqurma işlərinin aparılması ilə əlaqədar tapşırıqlar verib. Aparılan abadlıq işləri nəticəsində bağdakı fəvvarə, pavilyon və köşklər yenidən qurulub. Bağın özünəməxsus bitki örtüyü qorunub saxlanıb, yaşıllıq zolağının artırılmasına daha çox diqqət yetirilib. Burada nadir ağac növləri - palıd, sidr və göyrüş ağacları əkilib, yeni suvarma sistemi quraşdırılıb.

Bağda orijinal formada fəvvarə tikilib, həmçinin Bakıda ilk dəfə olaraq məhz burada klassik musiqi səsləndirilir. İstirahət və dincəlmək üçün özünəməxsus mənzərəsi olan bağa gələnlər arasında həm yerli sakinlər, həm də şəhərimizin qonaqları var.

AZƏRTAC-ın müxbiri parkda istirahət edən bir neçə şəhər sakini ilə həmsöhbət olub, onların təəssüratlarını öyrənib.

Şəhər sakini, 75 yaşlı Gülağa Azadov deyib: “Dünyaya İçərişəhərdə gəlmişəm. Uşaqlıq və gənclik illərim burada keçib. Filarmoniya bağı mənim ən sevdiyim məkanlardan biridir. Sakinlərin təmiz hava almaları və dincəlmələri üçün burada hər cür şərait var”.

Öz nəvələri ilə parkda dincələn Nərmin Məmmədova isə fikirlərini belə bölüşüb: “Şəhərdə ən çox sevdiyim məkanlardan biridir. Yaşadığım ərazidən xeyli uzaqda yerləşsə də, tez-tez bura üz tuturam. Ona görə ki, burda əsl dinclik və rahatlıq tapıram”.

Filarmoniya bağı həm gənclərin, həm qocaların, həm də uşaqların sevimli istirahət yeridir. Kitab oxuyan kim, ömrün arxada qalan illərinin xatirələrini çözələyən kim, körpəsi ilə gəzintiyə çıxan kim... Burada hər kəs öz zövqünə uyğun əyləncə tapır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.