MƏDƏNİYYƏT
Filarmoniyada “Səndən ilham alıram” adlı konsert proqramı təqdim olunub
Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Səndən ilham alıram” adlı konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə F.Əmirov adına Əməkdar Kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında bəstəkarlarımızın əsərləri səsləndirilib. Bədii rəhbər və baş dirijor xalq artisti Ağaverdi Paşayev, baletmeyster xalq artisti Cəmilə Bayramova, xormeyster Fəxrəddin Atayev olub.
Konsert orkestrin və ansamblın xorunun ifasında Vasif Allahverdiyevin “Azərbaycan torpağıyam” mahnısı ilə başlanıb.
Sonra beynəlxalq müsabiqələr laureatı İlham Nəzərovun ifasında Müslüm Maqomayevin “Vətən”, Aqşin Abdullayevin ifasında T.Quliyevin “Bakı haqqında mahnı”sı səsləndirilib.
Mahnı və rəqs ansamblının qızlardan ibarət rəqs qrupunun təqdim etdiyi Fikrət Əmirovun “Qavalla rəqs”i konsertə xüsusi ovqat qatıb.
Konsertdə xalq artisti Azər Zeynalovun ifasında səslənən Tofiq Quliyevin “Sənə də qalmaz”, Emin Sabitoğlunun “Şükriyyə” əsərləri və digər sənət ustalarımızın çıxışları tamaşaçılara unudulmaz anlar bəxş edib.