MƏDƏNİYYƏT
Filarmoniyada görkəmli bəstəkar Cövdət Hacıyevin xatirəsi anılıb
Bakı, 16 iyun, AZƏRTAC
Görkəmli bəstəkar, Xalq Artisti Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş musiqi festivalı çərçivəsində iyunun 16-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar filarmoniyanın foyesində sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgiyə baxıblar.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə bəstəkarla bağlı geniş məlumat verilib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək C.Hacıyev dühasının aliliyindən, onun Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi incilərdən və əvəzolunmaz şəxsiyyətindən söz açıb.
F.Əlizadə unudulmaz bəstəkar haqqında xatirələrini bölüşüb, iştirakçılara onun həyat və yaradıcılıq yolu barədə ətraflı məlumat verib. Vurğulanıb ki, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış C.Hacıyev peşəkar musiqi kadrlarının hazırlamasında misilsiz xidmətlər göstərib, bu istiqamətdə sözünü demiş pedaqoq olub.
Bəstəkarın musiqi mədəniyyətimizin inkişafı və təbliğindəki xidmətlərini yüksək qiymətləndirən Xalq Artisti deyib ki, Azərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C.Hacıyev yaratdığı simfoniyalarda, “Sülh uğrunda” simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirib.
Qeyd edilib ki, Cövdət Hacıyev ümumilikdə səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə edib. O, simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifidir.
Diqqətə çatdırılıb ki, Cövdət Hacıyevin “Zirvələrə” adlanan altıncı və “Şəhidlər” adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. Onun “Şəhidlər” simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub. Bəstəkarın “Onu zaman seçib” adlı səkkizinci simfoniyası ulu öndər Heydər Əliyevə həsr olunub.
Tədbir konsert proqramı ilə davam edib.
Konsertdə Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bəstəkarın əsrlərindən ibarət bir sıra kompozisiyalar səsləndirib.