DÜNYA
Filippin BMT-ni təşkilatı tərk etməklə hədələyib
Tokio, 21 avqust, AZƏRTAC.
Filippin Prezidenti Rodriqo Duterte bəyan edib ki, polis reydləri zamanı narkotik maddələrin ticarəti ilə məşğul olanların öldürülməsini tənqid etdiyinə görə ölkəsi BMT-ni tərk edə bilər.
Avqustun 18-də BMT-nin insan hüquqları sahəsində ekspertləri Filippin hökumətini tam məhkəmə aydınlaşdırılması aparmadan şübhəli şəxslərin qaydasız şəkildə öldürülməsini dayandırmağa çağırıblar.
R.Duterte bildirib ki, qətllər polislə bağlı deyil və o, BMT-ni baş verənləri daha dərindən araşdırmağa çağırıb. BMT-ni, təşkilatın üzvlərini, o cümlədən yaxın müttəfiqi olan ABŞ-ı tənqid edən Filippin Prezidenti vurğulayıb ki, təşkilat üzərinə düşən vəzifələri icra etmək əvəzinə “bir qrup cinayətkarın sümüklərinə görə narahat olur”.
R.Duterte televiziya müraciətində deyib: “Heç kəsi təhqir etmək niyyətində deyiləm. Amma ola bilər ki, biz sadəcə BMT-dən çıxaq. Nəyə görə biz bu axmaqlara qulaq asmalıyıq?”.
Filippin Prezidenti, eyni zamanda, alternativ beynəlxalq təşkilatın yaradılması, Çinin və digər ölkələrin bu quruma dəvət olunmasından da danışıb.
Cari ilin iyununda dövlət başçısı seçilən R.Duterte narkotik vasitələrdən asılı olan insanlara qarşı mübarizənin kəskin tərəfdarı kimi tanınır. O, eyni zamanda, bu vasitələri yayanların da qəti əleyhinədir.
R.Dutertenin hakimiyyətə gəldikdən sonra ölkədə narkotik vasitələrlə bağlı 900 nəfərin öldürüldüyü bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio