DÜNYA


Filippin fevralın 1-dən tam peyvənd olunanların ölkəyə gəlişinə icazə verəcək

Tokio, 28 yanvar, AZƏRTAC

Filippin hökuməti fevralın 1-dən tam peyvənd olunan səyyahların karantin keçmədən ölkəyə gəlişinə icazə verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətinin rəhbərinin vəzifələrini icra edən Karlo Noqrales yanvarın 28-də keçirilən brifinqdə bəyan edib. K.Noqrales əlavə edib ki, bu zaman onların uçuşdan 48 saat əvvəl mənfi PZR testi barədə sənəd təqdim etmələri kifayətdir. Ölkəyə gəldikdən sonra onlardan xüsusi müəssisələrdə karantində qalması tələb olunmasa da, yeddi gün ərazində simptomları izləmələri və ehtiyac yarandığı halda müvafiq qurumlarla əlaqə yaratmaları tələb ediləcək.

Həmçinin Filippinə gələn səyyahlardan tam peyvənd qəbulu barədə sertifikat da tələb ediləcəkdir. Həmin sertifikata malik olmayan şəxslər mənfi PZR testi təqdim etməlidirlər. Bununla yanaşı, həmin şəxslər xüsusi müəssisələrdə karantin rejimində qalmalıdırlar və beş gün sonra testləri mənfi olduğu halda oranı tərk edə bilərlər. Bu şəxslərdən, həmçinin 14 gün özünütəcriddə qalmaq da tələb ediləcək.

K.Noqrales xatırladıb ki, tam peyvənd olunmuş əcnəbilər isə fevralın 16-dan etibarən ölkəyə gələ biləcəklər.

Xatırladaq ki, təqribən 109 milyon əhalisi olan Filippində ilk koronavirusa yoluxma halı 2020-ci il yanvarın 30-da qeydə alınıb. Hazırda ölkə üzrə ümumi yoluxanların sayı 3,49 milyon nəfər təşkil edib, onlardan 53,7 mini həyatını itirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.