DÜNYA
Filippində Marikina çayının səviyyəsi qalxdığına görə 13 mindən çox insan təxliyə olunub
Tokio, 24 iyul, AZƏRTAC
Filippinin paytaxtı Manilanın şərqində yerləşən Marikina çayında suyun səviyyəsi təhlükəli həddə çatdığına görə ərazidən 13,2 min nəfər təxliyə olunub.
AZƏRTAC Filippin KİV istinadla xəbər verir ki, son həftə ərzində bu ölkədə davam edən güclü yağışlar səbəbindən çaylarda suyun səviyyəsi artıb. Filippin Risklər Barədə Xəbərdarlıq və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Üzrə Milli Şurasının iyulun 24-də keçirilən iclasında ərazidə yerləşən icmaya məxsus 3077 ailənin sığınacaqlara köçürüldüyü bildirilib. Həmin şəxslər Marikini şəhərindəki 28 təxliyə mərkəzinə yerləşdirilib.
Son məlumatlara görə, güclü yağışlar səbəbindən Marikina çayında suyun səviyyəsi 16,4 metrə çatıb. Nəticədə yerli hakimiyyət orqanları xəbərdarlıq səviyyəsini ikinci dərəcəyə qaldırıb ki, bu da yerli sakinlərin daha yüksəkdə yerləşən ərazilərə təxliyəsini nəzərdə tutur.
Bununla yanaşı, Filippinin Risal əyalətində yerləşən Rodriqes, Can-Mateo və Taytay şəhərlərində də daşqınlar qeydə alınıb. Qeyd edilir ki, həmin şəhərlərdən olan 439 ailə də təxliyə mərkəzlərinə yerləşdirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio