DÜNYA


Filippində baş verən güclü zəlzələdə həyatını itirənlərin sayı 10 nəfərə çatıb

Tokio, 31 iyul, AZƏRTAC

İyulun 27-də Filippinin Luson adasında baş verən 7,3 bal gücümdə zəlzələdə 10 nəfər həyatını itirib, daha 375 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bir nəfər itkin düşmüş hesab olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Risklər Barədə Xəbərdarlıq və Təbii Fəlakətlərin Qarşısının Alınması Milli Şurasının iyulun 31-da dərc edilən hesabatında qeyd edilir. Bildirilir ki, zəlzələ nəticəsində ümumilikdə 314 mindən çox insana zərər dəyib.

Sənədə əsasən, 34 mindən çox insan 42 təxliyə mərkəzində yerləşib, 1200 nəfər isə zəlzələ ərəfəsində təxliyə edilib. Zəlzələdən sonra 1000-dək afterşok qeydə alınıb.

Zəlzələnin 21 min 500 evə qismən zərər vurduğu, 4302-nin isə tamamilə dağıldığı qeyd edilir. Ümumilikdə 539 infrastruktur obyektinə dəyən zərərin məbləği 414,2 milyon peso (7,48 milyon dollar) təşkil edir. Ümumilikdə 48 şəhərdə elektrik enerjisinin verilişində fasilələr yarandığı, bir bələdiyyə ərazisində isə suyun verilişinin hələ də bərpa olunmadığı bildirilir.

Zəlzələnin hiss olunduğu üç regionun 55 məktəbində dərslərin, 157 müəssisə də isə işin bərpa olunduğu qeyd edilir. Ən çox zərər çəkən Abra əyalətinin 27 bələdiyyəsində fövqəladə vəziyyət rejimi davam edir. Hökumət tərəfindən həmin əyalətə 11,6 milyon peso (210, 8 min dollar) yardım ayrılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.