DÜNYA
Filippində ümumi seçkilər keçiriləcək
Bakı, 9 may, AZƏRTAC
Bazar ertəsi 65,7 milyondan çox filippinli respublikanın yeni prezidentini, vitse-prezidentini, 12 senatoru, yüzlərlə konqresmeni, habelə qubernatorları, merləri, əyalət və şəhər müşavirlərini seçəcək. Həmçinin xaricdə 1,7 milyon nəfərin iştirak etməli olduğu səsvermə başa çatacaq.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Filippin Konstitusiyasına görə, ölkənin fəaliyyətdə olan lideri – 77 yaşlı Rodriqo Duterte yenidən seçilə bilməz.
Filippində bazar ertəsi istirahət günü elan edilib. Hökumət orqanlarının fikrincə, bu, filippinlilərə koronavirus pandemiyası səbəbindən indiyədək qüvvədə olan epidemioloji protokollara uyğun olaraq, öz səsvermə hüququndan lazımi səviyyədə istifadə etməyə imkan verəcək. Yoluxma hallarının azalmasına baxmayaraq seçki məntəqələrinə yalnız tibbi maskada və bütün ehtiyat tədbirlərinə riayət etməklə getmək olar. Ekspertlərin proqnozlarına görə, bu səbəbdən səsvermə uzana bilər.
Seçki məntəqələrində təhlükəsizliyi hüquq-mühafizə orqanlarının 60 mindən çox nümayəndəsi təmin edir. Onlardan 48 mini hərbçi, 16 mini polisdir.
Seçkiqabağı kampaniya fevralın 8-dən başlanıb. Onun liderləri mərhum diktator Ferdinand Markosun oğlu kiçik Ferdinand Markos və ölkənin indiki vitse-prezidenti Leni Robredo olub. Hər iki namizəd mayın 7-də seçki yarışı başa çatan gün seçicilərə təsir etmək üçün son cəhdlərini göstəriblər. Markosu hazırkı Prezident Rodriqo Dutertenin qızı, Davao şəhərinin meri Sara Duterte-Karpio müşayiət edir. O, vitse-prezident postuna namizəddir.
Sorğular göstərir ki, Markos favoritdir və respublikada ən yüksək postu tuta bilər. Respondentlərin fikrincə, ondan sonra Robredo və Manilanın meri Fransisko Domaqoso gəlir. Bununla yanaşı, filippinlilərin təqribən 20 faizi son seçimində hələ qərarsızdır.