DÜNYA
Filippinin Mindanao adasına muxtariyyət statusunun verilməsi ilə əlaqədar referendum keçirilir
Tokio, 22 yanvar, AZƏRTAC
Filippinin cənubunda yerləşən Mindanao adasının əhalisi regionda muxtariyyətin yaradılması ilə bağlı referendumda iştirak etdikdən sonra səslərin hesablanması davam edir.
AZƏRTAC xəbər verir ki, regiona muxtariyyətin verilməsindən sonra hökumət qoşunları ilə yerli müsəlmanlar arasında on illərlə davam edən silahlı qarşıdurmanın bitəcəyi güman edilir.
Məsələ burasındadır ki, Filippinin ən kasıb regionu hesab edilən bu ərazilər zəngin təbii sərvətlərə malikdir. Ümid edilir ki, muxtariyyət onun inkişafına mühüm təsir göstərə bilər.
Yanvarın 21-də 5 mühüm şəhərə malik olan iki əyalətdə səsvermə keçirilib.
Əsasən xristianların yaşadığı Filippinin Minadano əyalətində müsəlmanlar üstünlük təşkil edir və ötən əsrin 70-ci illərindən burada yaraqlılarla hökumət qüvvələri arasında silahlı qarşıdurma davam edir.
Muxtariyyətin elan olunması 2014-cü ildə hökumətlə Moronun Azadlığı İslam Cəbhəsi (MAİC) arasında imzalanan müqavilənin əsas şərtidir.
Ötən ilin iyulunda Prezident Rodriqo Duterte Banqsomoro adlanan qanunu imzalayıb və həmin qanun regiona daxil olan hər bir əyalətin və şəhərin referendumda iştirakını nəzərdə tutur.
MAİC-nin sədri Al-Hac Murad İbrahim səsvermənin mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Referendumda iştirakı nəzərdə tutulan digər bələdiyyələrin fevralın 6-da səs verəcəyi və bundan sonra yekun nəticələrin yaxın həftədə elan ediləcəyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio