ELM VƏ TƏHSİL
Filosoflar: Yaxın gələcəkdə dünyada İpək Yolunun dominantlığı artacaq
Bakı, 13 fevral, AZƏRTAC
AMEA-nın Fəlsəfə İnstitutunda “Filosoflar gələcəyi necə görürlər?” mövzusunda seminar keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, seminarda institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadənin məruzəsi dinlənilib. Alim bildirib ki, bu gün Azərbaycan filosofları keçmişlə yanaşı, müasir dövr və yaxın gələcəklə bağlı da müfəssəl tədqiqatlar aparmalı, bu prosesdə biologiya, sosiologiya və digər sahələrlə multidissiplinar şəraitdə işləməlidirlər.
İlham Məmmədzadə hazırda dünyanın mənzərəsinin mürəkkəbləşdiyini, bəşəriyyət üçün bir çox narahatedici məqamların, böhranların yarandığını söyləyib. Dünyanın ötən əsrdə SSRİ və ABŞ olmaqla iki qütbə bölündüyünü xatırladan alim sovet cəmiyyətinin dağılması ilə təkqütblülüyün yarandığını, dünyada amerikanlaşma prosesinin getdiyini diqqətə çatdırıb. Bu prosesin 2050-ci ilə qədər davam edəcəyi, yaxın gələcəkdə dünyada İpək Yolunun, eləcə də Çinin dominantlığının artacağı vurğulanıb.
Bu gün Asiyada müxtəlif sivilizasiyaların, mədəniyyətlərin olduğunu deyən İlham Məmmədzadə dünya iqtisadiyyatının 50 faizinin burada cəmləşdiyini, xalqların dialoqu sayəsində bütün problemlərin asanlıqla həllini tapdığını bildirib. İnstitut direktoru hazırda Avropanın da problemlərlə üzləşdiyini, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə böhranın getdikcə dərinləşəcəyini diqqətə çatdırıb.
O, böhranlar barədə proqnoz verməyin mümkünlüyünü, fəlsəfə elminin yaxın illərdə bu istiqamətdə tədqiqatlar aparmaqla bəşəriyyətin xilasına töhfə verə biləcəyini söyləyib. Bundan əlavə, elmin gələcəyi, mədəniyyətlərin və sivilizasiyaların taleyi, proqnozun metodologiyası və digər sahələrdə araşdırmalar aparmağın önəmini qeyd edib.
Tədbirdə, həmçinin institutun şöbə müdirləri Füzuli Qurbanov və Əli Abasovun məruzələri dinlənilib. Məruzələrdə gələcəyin fəlsəfi təhlili və proqnozlaşdırılması yer alıb, bir sıra tezislər müzakirə olunub.