İQTİSADİYYAT


Fin şirkətlərinin ölkəmizə investisiya yatırmaq imkanları müzakirə olunub

Fin şirkətlərinin ölkəmizə investisiya yatırmaq imkanları müzakirə olunub

Stokholm, 19 may, AZƏRTAC

Finlandiyanın işgüzar dairələrinin ölkəmizə investisiya yatırmaq imkanları müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Finlandiyadakı səfiri Zaur Əhmədov bu ölkənin Şərqi Ticarət Palatasının rəhbəri Yaana Rekolainen və qurumun xidmətlər üzrə direktoru Tarya Teittinen ilə görüşüb.

Görüşdə işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa layihələri haqqında fikir mübadiləsi aparılmaqla yanaşı, qarşılıqlı ticarət və iqtisadi əlaqələrin inkişafı və Finlandiyanın işgüzar dairələrinin Azərbaycana yatırım perspektivləri müzakirə edilib.

Səfir Zaur Əhmədov Şərqi Ticarət Palatasının nümayəndələrinə Azərbaycanda aparılan iqtisadi islahatlar, həmçinin bir çox dünya şirkətlərinin fəaliyyəti üçün açılan imkanlar haqqında danışıb.

Diplomat bildirib ki, ölkəmizdə yaradılan iqtisadi ekosistem çərçivəsində, xüsusilə Ələt azad iqtisadi zonası bütün xarici investorlar üçün aydın və cəlbedici üstünlüklər və imkanlar vəd edir.

Zaur Əhmədov, habelə işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan genişmiqyaslı bərpa işlərində Finlandiya texnoloji şirkətlərinin iştirakı üçün geniş perspektivlərin olduğunu qeyd edib. Fin şirkətlərinin bu ərazilərdə ağıllı şəhər və kənd konsepsiyası üzərində modern infrastrukturun yaradılması sahəsində öz texnologiyalarını təklif edə biləcəyini söyləyən diplomat, hazırda belə layihələrin ölkəmizdə prioritet olduğunu bildirib.

Öz növbəsində, Finlandiya Şərqi Ticarət Palatasının rəhbəri Yaana Rekolainen və qurumun xidmətlər üzrə direktoru Tarya Teittinen, ölkəmizə bu yaxınlarda etdikləri səfərin onlarda xoş təəssürat yaratdığını bildirərək, əməkdaşlığın bir çox sahələrdə mümkün olduğunu deyib. Azərbaycanda işləməkdə maraqlı olan Fin şirkətinin mövcud olduğunu diqqətə çatdıran Şərqi Ticarət Palatasının rəhbərliyi, əlaqələrin dərinləşdirilməsi üçün fəaliyyətin aktivləşməsinə ehtiyac olduğunu bildirib.

Görüş fikir mübadiləsi ilə davam edib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.