CƏMİYYƏT


Fındıq qabığından hazırlanan briket yanacağından kəndlərdə istifadə olunacaq

Fındıq qabığından hazırlanan briket yanacağından kəndlərdə istifadə olunacaq

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan meşə ilə çox da zəngin ehtiyatlara malik olan ölkələrdən deyil. Respublika ərazisinin cəmi 11.8 faizi meşə ilə əhatə olunub və adambaşına cəmi 0.2 hektar meşə ərazisi düşür. 0.2 hektar ərazidən təxminən 18-20 kubmetr oduncaq əldə etmək mümkündür. Əhalinin böyük bir hissəsi qaz yanacağı ilə təmin olunub. Buna baxmayaraq, qazdan başqa digər yanacaq növləri ilə də təminolunma üçün böyük öhdəliklər var. Hazırda təxminən 980-ə yaxın kənd qazlaşdırılmayıb, həmin kəndlərin 426-sı bilavasitə meşə ilə əhatə olunub. Bu, o deməkdir ki, həmin kəndlər qışda yanacağa olan tələbatı ödəmək üçün odundan istifadə etməlidir. Yanacağa olan tələbatın ödənilməsinin bilavasitə bir hissəsi Meşələrin İnkişafı Xidməti və onun idarəetməsində olan meşə ərazilərində tədarük edilmiş odun hesabına təmin edilir. Bu prosesə yaydan başlamışıq. Qazlaşdırılmayan kəndlərdə müvafiq rayon icra hakimiyyəti qurumları ilə müzakirələr aparılıb, tələbat müəyyən edilib. Buna uyğun olaraq meşə ərazilərində yaşı ötmüş, bioloji inkişafdan qalmış ağaclar hesabına odun tədarük etmək imkanlarımızı müəyyənləşdirmişik. İl ərzində meşə fondu ərazilərindən 64 min kubmetr odun tədarük edə bilərik. Əlavə olaraq 20 min kubmetrə qədər odunu müxtəlif səbəblərdən aşmış ağaclardan əldə edə bilirik. Bu il 70-72 min kubmetr həcmində odun tədarük edib əhali və təşkilatlara satmaq imkanımız var. Təbii ki, bu, ümumi tələbatın 20-30 faizini təmin edir.

AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov deyib.

Xidmət rəisinin sözlərinə görə, qazlaşdırılmayan kəndlərin odun yanacağına olan tələbatının ödənilməsi ilə yanaşı, meşələrin qorunub mühafizə olunması da qarşıya qoyulan əsas hədəflərdəndir: “Ölkə ərazisində meşə sahələrinin artırılması istiqamətində də işlər gedir. Problemlər həll edilmədikcə müsbət nəticələrin əldə edilməsi çətindir. Bu sahədə bizim ilk təklifimiz qazlaşdırılmayan ərazilərə qaz xəttinin çəkilməsinin sürətləndirilməsi ilə əlaqədardır. Bununla əlaqədar olaraq SOCAR və “Azəriqaz” İB ilə müntəzəm danışıqlar aparılır. Həmçinin mərhələli olaraq kəndlərin qazlaşdırılması üçün qarşılıqlı layihə hazırlanıb. “Azəriqaz”ın təklifinə əsasən, qazlaşdırlmayan 426 meşəətrafı kəndin 335-nə qaz xəttinin çəkilməsi iqtisadi cəhətdən səmərəlidir, qalanları uzaq ərazilərdə yerləşdiyindən və kiçik kəndlər olduğundan iqtisadi cəhətdən sərfəli deyil. Lakin bununla belə bu qədər kənddə qazlaşdırılma aparılması mümkün olsa, qalan 100 yaxın kəndin odun yanacağı ilə təmin olunması asanlaşar.

Digər bir məsələ briket yanacağın hazırlanmasıdır. Son illər ölkədə yeni və böyük fındıq bağları salınır. Fındıq ağaclarının oduncağı da yanacaqdır. Bununla yanaşı, fındıq məhsulunun emal prosesində böyük həcmdə qabıq əmələ gəlir ki, bundan briket yanacaq da əldə etmək olar. Yəni mümkün olan ərazilərin odunla təmin olunması, mümkün olmayan ərazilərdə isə briket yanacaqdan istifadə olunması bu sahədə vəziyyəti qaydaya sala bilər”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.