REGİONLAR


Fındıqçılıq layihəsi çərçivəsində Milli Texniki Komitənin görüşü keçirilib

Bakı, 21 iyun, AZƏRTAC

“Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi – HAZER” layihəsi çərçivəsində yaradılan Milli Texniki Komitənin Qax rayonunda növbəti görüşü keçirilib.

Sözügedən tədbir Kənd Təsərrüfatı Nazirliyi nümayəndələrini, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət agentlikləri və hökumət nümayəndələri, “Agrarco” MMC və “Azərsun” Holdinqin nümayəndələrini, beynəlxalq qurumların təmsilçilərini, digər özəl sektor və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mütəxəssislərini bir araya gətirib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə fındıq bitkisi genetik ehtiyatlarının mühafizəsi yolları, nümayiş sahələrində davam edən sahə işləri və fındıqçılıqda biokütlə potensialının qiymətləndirilməsinə dair görülən işlər, həmçinin layihə çərçivəsində davam edən digər fəaliyyətlər müzakirə olunub.

“Fındıq istehsalı Azərbaycanın ən vacib kənd təsərrüfatı məhsullarından biridir. Fındıq bitkisi iqlim şəraitinə həssas olduğu üçün becərilməsi yalnız dünyanın müəyyən yerlərində mümkündür. Fındıq istehsalının daha da dayanıqlı hala gətirilməsi üçün müxtəlif fındıq genetik ehtiyatlarından istifadə etməli və istehsal zamanı yüksək keyfiyyətli texnologiya və üsullardan yararlanmalıyıq. Fındıq genetik ehtiyatlarının qorunub saxlanılması və dayanıqlı hala gətirilməsi bu məhsulun keyfiyyətli istehsalına da uzun müddətli zəmin yaradacaq”, - deyə görüşdə təqdimatla çıxış edən FAO-nun kənd təsərrüfatı üzrə mütəxəssisi Bonnie Furman qeyd edib.

Beynəlxalq çoxillik əkin sistemləri üzrə beynəlxalq mütəxəssis Ümit Sərdar isə bildirib ki, Azərbaycanda fındıq yetişdirilən ərazilər torpaq şəraiti baxımından olduqca əlverişlidir. Fındıq yetişdirilən ərazilərin orqanik təsərrüfat bölgəsi elan edilməsi müzakirə oluna bilər.

“Ölkədə ən çox yetişdirilən “Atababa” sortunun qabığı digər sortlardan bir qədər qalındır və bu hal məhsuldarlığın, daxili hissənin, yəni ləpənin nisbətinin azalmasına səbəb olsa da, aflatoksinlə mübarizədə böyük rol oynayır. Layihə çərçivəsində fındıq budaması, təmizlənməsi praktiki təlimlərini həyata keçirdik. Düşünürəm ki, bu təcrübələr fındıqda məhsuldarlığın və keyfiyyətin artmasına müsbət təsir göstərəcək”, - deyə mütəxəssis vurğulayıb.

Milli Texniki Komitə əsasən kiçik təsərrüfatlara diqqət yetirməklə Azərbaycanda fındıq istehsalını və keyfiyyətini yaxşılaşdırmaq məqsədilə yaradılıb. Komitə üzvləri dövlət, özəl və qeyri-dövlət təmsil edirlər.

Layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə həyata keçirilir və Azərbaycanın şimal-qərb və şimal-şərq regionlarını (əsas fındıqçılıq rayonları – Balakən, Qax, Zaqatala, Xaçmaz, Oğuz və Qəbələ rayonlarını) əhatə edir. Layihənin əsas məqsədi fərqli texnologiyalarından istifadə etməklə fındıq istehsalının effektivliyini artırmaq və aflatoksin maddəsinin mövcudluğu riskinin azaldılmasına xüsusi diqqət yetirməklə, istehsal edilmiş fındığın keyfiyyətini yüksəltmək üçün kiçik təsərrüfatlarda qabaqcıl kənd təsərrüfatı təcrübələrini tətbiq etmək imkanı yaratmaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.