DÜNYA
Finlandiya “Rail Baltica” dəmir yolu magistralı layihəsində iştirak edəcək
Bakı, 4 fevral, AZƏRTAC
Latviya, Litva və Estoniya “Rail Baltica” dəmir yolu magistralı layihəsində iştirak barədə Finlandiya hökumətinin qərarından məmnundurlar.
AZƏRTAC Latviyanın LETA agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə bazar ertəsi Baltik dövlətlərinin liderləri bildiriblər.
Bu gün Riqada Baltik ölkələrinin Nazirlər Şurası çərçivəsində Latviya, Litva və Estoniya baş nazirlərinin görüşü keçirilir. Görüşdə Krişyanis Karinş, Saulyus Skvernyalis və Estoniyanın Latviyadakı səfiri Arti Hilpus iştirak edirlər. Estoniyanın Baş naziri Yuri Ratas pis hava şəraiti ilə bağlı texniki səbəblərə görə görüşə qatılmayıb.
Görüşdə müzakirə olunan məsələlərdən biri “Rail Baltica” layihəsi və onun Avropa İttifaqı (Aİ) ölkələrinin növbəti çoxillik büdcəsi çərçivəsində maliyyələşdirilməsidir.
K.Karinş qeyd edib ki, maliyyələşdirmə məsələsi layihənin ən böyük problemlərindən biridir və Finlandiyanın layihədə iştirakı Baltik ölkələri üçün Avropa Komissiyası ilə danışıqları yüngülləşdirəcək. Belə ki, Aİ ölkələrinin növbəti çoxillik büdcəsi çərçivəsində bu maliyyələşdirmənin zəruriliyində israr etmək onlar üçün daha asan olacaq.
S.Skvernyalis Finlandiyanın layihəyə qoşulmasının Polşada da maraq yaradacağına əmin olduğunu bildirib.