DÜNYA
Finlandiya hökuməti 175-dək qaçqına sığınacaq verəcək
Stokholm, 24 fevral, Rauf Əliyev, AZƏRTAC
Finlandiya hökuməti humanitar vəziyyətin yaxşılaşdırılması məqsədilə Kipr, Yunanıstan, İtaliya və Maltadakı düşərgələrdə məskunlaşan 175-dək qaçqına sığınacaq verəcəyini açıqlayıb.
AZƏRTAC Finlandiya KİV-lərinə istinadən xəbər verir ki, hökumət bu addımı Avropa İttifaqına üzv olan Aralıq dənizi ölkələrində müvəqqəti yerləşdirilmiş qaçqınlara kömək etmək üçün atıb.
Finlandiya Daxili İşlər Nazirliyi ölkənin, ilk növbədə, ən çətin vəziyyətdə olan qaçqınları, yəni, valideynini itirmiş uşaqları, Suriya və Əfqanıstandan olan və ehtiyac içərisində yaşayan ailələri qəbul etmək istədiyini bəyan edib.
Qeyd edək ki, son vaxtlar İtaliya hökuməti sığınacaq axtarışında olan afrikalı qaçqınları qəbul etmək barədə qərar verib. Lakin bu addım Aİ-nin digər ölkələri ilə qaçqın yükünün bölüşdürülməsi ilə bağlı razılıq əldə edilməsi şərti ilə atıb. Ötən il Malta müəyyən miqdarda qaçqını qəbul etmək barədə qərar çıxarıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm