CƏMİYYƏT
Finlandiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Helsinkidə caz konserti keçirilib VİDEO
Helsinki 22 may Rauf Əliyev AZƏRTAC
Finlandiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Helsinkidə caz konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirə Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov, ölkəmizin İsveç Krallığı, eyni zamanda, Finlandiya Respublikasında səfiri Zaur Əhmədov və Finlandiyanın bir sıra dövlət və hökumət nümayəndələri qatılıblar.
Azərbaycanın və Finlandiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Azər-Türk Gənclər Təşkilatının rəhbəri Ülviyyə Cabbarova çıxış edib. Keçirilən konsertin həm 28 May - Müstəqillik Günü, həm də Azərbaycan-Finlandiya əlaqələrinin 30 illik yubileyinə həsr olunduğunu deyən diaspor fəalı ölkələrimizi və xalqlarımızı birləşdirən ümumi dəyərlərdən söz açıb.
Sonra Fariz Rzayev çıxış edərək ölkəmizin Finlandiya ilə əlaqələrinin əhəmiyyətini vurğulayıb. Azərbaycan-Finlandiya əlaqələrinin dinamikasının, təhsil, iqtisadiyyat və mədəniyyət sahələrində davamlı əməkdaşlığın olduğunu yüksək qiymətləndirən nazir müavini ölkələrimizin potensialını nəzərə alaraq bu münasibətlərin daha da inkişaf etməsinin labüdlüyünü bildirib. Onun sözlərinə görə, indi Azərbaycan uzun illər işğal altında olmuş ərazilərdə tikinti-quruculuq işləri apararaq orada “ağıllı şəhər-kənd” texnologiyaları tətbiq edir. Bu da öz növbəsində həmin sahələrdə böyük təcrübəsi və texnoloji həlləri olan Finlandiya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanlar açır.
Ardınca, Finlandiya dövlət katibinin müavini xanım Nina Vaskunlaht söz alaraq, ölkələrimiz arasında diplomatik əlaqələrinin qurulmasının 30-cu yubileyi münasibəti ilə Finlandiya Baş naziri Sanna Marin adından tədbir iştirakçılarını təbrik edib. Bu gün Azərbaycan ilə Finlandiyanın müxtəlif sahələrdə əməkdaşlıq etdiyini, iki ölkəni bağlayan tarixi hadisələrin əhəmiyyətini xatırladıb. O, Azərbaycanda 19-20-ci əsrin neft bumu illərində yüzlərlə finlandiyalının yaşadığını və bunun insanlarımız arasında ilk bağlantı yaratdığını vurğulayıb. Bütün bunları və Azərbaycana səfərlərini xatırlayan Nina Vaskunlaht, qısa müddətə inkişaf yolunu qət edən Azərbaycanın Ermənistan ilə sülh danışıqlarına Finlandiya hökuməti adından dəstəyini bildirib.
Sonda səhnə tanınmış cazmen, Azərbaycanın Əməkdar artisti İsfar Sarabskiyə verilib. İsfar Sarabskinin rəhbərliyi ilə “İsfar Sarabskinin triosu” yeni albomdan seçmə caz bəstələrini ifa edərək tədbirin qonaqlarına unudulmaz anlar və böyük zövq bəxş edib.
Tədbir Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının əlaqələndiricisi və Azər-Türk Gənclər Təşkilatı tərəfindən, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Konsertdə Helsinkidə akreditə olmuş diplomatik korpusun nümayəndələri ilə yanaşı, Baltikyanı ölkələrdəki Azərbaycan diasporunun fəalları, Finlandiyada yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki