DÜNYA


Finlandiya müdafiə sənayesi məhsullarının ixracını artırır

Stokholm, 23 iyul, AZƏRTAC

Finlandiya müdafiə sənayesi məhsullarının ixracını artırır.

AZƏRTAC Finlandiya Müdafiə Nazirliyinin yaydığı mətbuat üçün məlumata istinadla xəbər verir ki, 2018-ci ildə ölkənin müdafiə sənayesi məhsullarının ixracı 128 milyon avro təşkil edib ki, bu da bir il əvvəlkindən 17 faiz çoxdur.

Finlandiyanın daha çox müdafiə texnikası ixrac etdiyi ilk üç ölkə Polşa, Türkiyə və İsveçdir. Oman, Fransa, Estoniya, İsveçrə, Böyük Britaniya, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri də Finlandiyadan hərbi təchizat alan ölkələr sırasındadırlar.

Qeyd edək ki, Finlandiya Müdafiə Nazirliyi ötən ilin noyabrında elan edib ki, Səudiyyə Ərəbistanına və ya Birləşmiş Ərəb Əmirliklərinə silah ixracına icazəni daha yeniləməyəcək. Nazirlik Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə hərbi münaqişədə iştirak etməsini, bu ölkədə təhlükəli humanitar böhranın yarandığını əsas gətirib. Lakin nazirliyin məlumatına görə, icazənin ləğv olunmasından əvvəl Finlandiya 2018-ci il ərzində Birləşmiş Ərəb Əmirliklərinə 9,7 milyon avroluq hərbi texnika ixrac edib. Finlandiyanın ixrac etdiyi əsas hərbi avadanlıq sərrast atəş açan tüfəng və aksesuarlardan, zirehli polad detallardan, habelə zirehli maşınlardan və onlar üçün komponentlərdən ibarətdir. Nazirliyin məlumatına görə, satış üçün ən dəyərli icazələr Türkiyə, BƏƏ və Fransaya verilib.

Qeyd edək ki, Finlandiya 175,5 milyon avroluq müdafiə sənayesi məhsulunun ixracına 257 yeni icazə verib. İcazələrin çoxu Avropa ölkələrinə verilib. Bütün ixracın 67 faizi onların payına düşür.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.