DÜNYA


Finlandiya polisi neonasist təşkilatının fəaliyyətini araşdırır

Stokholm, 13 may, AZƏRTAC 

Finlandiya polisi “Şimal müqavimət hərəkatı” Şimali Avropa nasional-sosialist təşkilatı barəsində araşdırmaya başladığını elan edib.

AZƏRTAC Finlandiya KİV-lərinə istinadla bildirir ki, təşkilat məhkəmənin qadağa hökmü çıxarmasına baxmayaraq, ölkə ərazisində fəaliyyətini davam etdirməkdə şübhəli bilinir.

Birkaland dairə məhkəməsi hələ 2017-ci ilin noyabrında hərəkatın Finlandiyada fəaliyyətini qadağan edib və öz hökmünü partiya üzvləri tərəfindən qeyri-leqal iş metodlarından istifadə olunması, nifrətin, zorakılığın yayılması və antidemokratik addımların atılması ilə izah edib. 2018-ci ilin sentyabrında Turku Apellyasiya Məhkəməsi əvvəlki hökmü qüvvədə saxlayıb. Sonra “Şimal müqavimət hərəkatı” Finlandiya Ali Məhkəməsinə hökmdən şikayət verib. Bununla belə, hərəkatın ölkə ərazisində fəaliyyəti Ali Məhkəmə hökm çıxarana qədər qadağan edilib. Lakin polis hərəkat nümayəndələrinin Ali Məhkəmənin qadağasını pozaraq, 2018-ci ilin sentyabrında Finlandiya veb-saytında materiallar yerləşdirməyə davam etmələrindən şübhələnir. Finlandiya polisinin rəhbərliyi həmin fakt üzrə informasiyanın araşdırılması xahişi ilə aprel ayında ölkənin Mərkəzi Kriminal Polisinə müraciət edib.

Qeyd edək ki, nasional-sosialist baxışları olan “Şimal müqavimət hərəkatı” qarşısına İsveç, Finlandiya, Norveç, Danimarka, İslandiya və ola bilsin, Baltik ölkələrinin daxil olduğu şimali nasional-sosialist respublikası yaratmaq məqsədi qoyub. Təşkilat öz fəaliyyətinə görə dəfələrlə tənqid olunub. İsveçdə onun bağlanması imkanları ciddi müzakirə edilir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.