SİYASƏT
Finlandiya və Almaniyada da Novruz bayramı qeyd olunacaqdır
Bakı, 16 mart (AZƏRTAC). Martın 19-da Finlandiya Azərbaycan Assosiasiyasının (FAA) təşəbbüsü ilə Helsinkidə “Novruz” festivalı keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Helsinki şəhərinin meriyası FAA-nın tədbirin keçirilməsi ilə bağlı müraciətinə müsbət cavab vermişdir.
Helsinkinin ən böyük mədəniyyət mərkəzi olan CAİSA-da keçiriləcək tədbirə Finlandiyanın Mədəniyyət, Xarici İşlər və Təhsil nazirliklərinin nümayəndələri, Helsinki və Espoo şəhərlərinin merləri dəvət edilmişlər.
Bu il türk diasporu da Novruz bayramını Azərbaycan diasporu ilə birgə keçirəcəkdir. Novruz adət-ənənələrini bu ölkədə tanıtmaq məqsədi ilə təşkil ediləcək “Novruz” festivalında FAA-nın nəzdində fəaliyyət göstərən Yeniyetmə Gənclər Təşkilatının hazırladığı bayram proqramı nümayiş olunacaqdır.
Baharın gəlişini Almaniyada yaşayan azərbaycanlılar da qeyd edəcəklər. Martın 20-də Drezdendə hər il olduğu kimi, bu il də Novruz bayramı keçiriləcəkdir. Bayram tədbirlərinə Drezdendə yaşayan digər xalqların icmaları da böyük maraq göstərirlər.
Tədbirdə Azərbaycan mədəniyyəti və milli ənənələrimizi əks etdirən geyim və əşyalar nümayiş etdiriləcək, qonaqlara mətbəximizin ləziz təamları təqdim olunacaqdır.