CƏMİYYƏT
Finlandiya və Çexiyanın bəzi bölgələrindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub
Bakı, 18 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan məlumatlara əsasən, Finlandiya Respublikasının Cənubi Finlandiya və Çexiya Respublikasının Plzen inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bununla əlaqədar olaraq, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınaraq həmin inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Finlandiya və Çexiya respublikalarından gələn, yaxud həmin ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.