SİYASƏT
Finlandiyada 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunmuş seminar keçirilmişdir
Bakı, 23 yanvar (AZƏRTAC). Finlandiyada 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunmuş “20 yanvar 1990-cı il – Azərbaycan xalqının qanlı və şanlı tarixi” mövzusunda seminar keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Finlandiya Azərbaycan Assosiasiyasının (FAA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə bu ölkədə akkreditə olunmuş səfirliklərin, diaspor təşkilatlarının təmsilçiləri, dövlət və hökumət nümayəndələri iştirak etmişlər.
FAA-nın sədri Vasif Muradlı Qanlı Yanvar faciəsinin tarixi, Azərbaycan xalqına qarşı törədilmiş misli görünməmiş terror aktı barədə məlumat vermişdir.
“Azərbaycanlı Qadınlar” Cəmiyyətinin sədri Arzu Oqtay 20 Yanvar hadisələrinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamışdır.
A.Oqtay Türkiyənin Finlandiyadakı səfirliyinin tədbirdə iştirak edən nümayəndəsinə müraciət etmiş, Xocalı soyqırımı ilə bağlı birgə bəyanat imzalayaraq faciənin Finlandiya parlamentinin iclasında gündəmə gətirilməsinin zəruriliyini diqqətə çatdırmışdır.
Seminarda “Azərbaycanlı Qadınlar” Cəmiyyətinin sədr müavini Gülzar İsmayıl və FAA-nın üzvü Ersan Erel çıxış edərək 20 Yanvar hadisələri barədə danışmış, şəhidlərin ruhuna dualar oxumuşlar.
Sonda tədbir iştirakçıları “Sarı gəlin” xalq mahnısını dinləmiş, Qanlı Yanvar hadisələrinə həsr olunmuş sənədli filmə baxmışlar.