MƏDƏNİYYƏT
Finlandiyada azərbaycanlı musiqiçinin yubileyi qeyd olunub
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, yubiley gecəsi Finlandiya Mədəniyyət İnkişaf Fondunun dəstəyi ilə həmyerlimizin yaşayıb, çalışdığı Yoensuu şəhərindəki Garelia-Sali konsert zalında keçirilib.
Tədbirdə şəhər rəhbərliyinin təmsilçiləri, musiqi ictimaiyyətinin nümayəndələri və Finlandiyada yaşayan azərbaycanlılar iştirak edib.
Mərasimdə Kamal Aşurbəyovun yaradıcılığı haqqında məlumat verilib, təbrik nitqləri söylənilib.
Bildirilib ki, məşhur Aşurbəyovlar nəslindən olan Kamal Aşurbəyov P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirəndən sonra 1994-cü ildə Finlandiyaya köçüb. Böyük Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Tofiq Quliyev, Qara Qarayev və digərlər sənətkarların yaradıcılığından bəhrələnən musiqiçi təkcə Finlandiyada deyil, Avropa ölkələrinin çoxunda mənsub olduğu millətin mədəniyyətini, musiqisini təbliğ edir.
Vurğulanıb ki, K.Aşurbəyov Helsinki şəhər meriyasında Azərbaycan mədəniyyətinin tarixinə dair mühazirələr oxuyub.
Gecəsində, yubilyarın ifasında pianoda səslənən Azərbaycan bəstəkarlarının əsərləri alqışlarla qarşılanıb.