SİYASƏT


Finlandiyadakı “Azərbaycanlı Qadınlar” cəmiyyəti Finlandiya-Azərbaycan Assosiasiyasının nəzdində fəaliyyət göstərəcəkdir

Bakı, 13 oktyabr (AZƏRTAC). Finlandiyada yeni təsis olunmuş “Azərbaycanlı Qadınlar” cəmiyyəti Helsinki şəhərində keçirilən toplantısında Finlandiya Azərbaycan Assosiasiyasının (FAA) nəzdində fəaliyyətini davam etdirmək barədə qərar qəbul etmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, təsisçilər ayrı-ayrılıqda deyil bir yerdə fəaliyyət göstərməyi daha məqsədəuyğun hesab etmişlər.

Cəmiyyətin sədri Arzu Oqtay, sədr müavinləri hüquq elmləri namizədi Gülzar İsmayıl, hüquqşünas Cəmilə Tamayeva və digər üzvlər bu qərarı yekdilliklə qəbul etmişlər. FAA da öz növbəsində “Azərbaycanlı Qadınlar” cəmiyyətinin bu qərarını yüksək qiymətləndirmişdir.

Bildirilmişdir ki, FAA-nın sıralarına “Yeniyetmə Gənclər Təşkilatı”ndan sonra “Azərbaycanlı Qadınlar” cəmiyyətinin qoşulması Assosiasiyanın fəaliyyət dairəsini daha da genişləndirəcəkdir. Finlandiya Türk Cəmiyyətinin sədri Mine Eray yenicə yaranmış “Azərbaycanlı Qadınlar” cəmiyyətinə fəaliyyətində uğurlar arzulamış, üzvlüyə qəbul üçün cəmiyyətə müraciət etmişdir.

Cəmiyyətin sədri Arzu Oqtay digər ölkələrdə də fəaliyyət göstərən cəmiyyətlərin birləşdirilməsinin Azərbaycan tarixini, Qarabağ həqiqətlərini Avropa xalqlarına çatdırmaqda ölkəmizə daha çox xeyir verə biləcəyini bildirmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.