SİYASƏT
Finlandiyanın Helsinki şəhərində Azərbaycan Evinin açılışı olub VİDEO
Helsinki, 25 sentyabr, Rauf Əliyev, AZƏRTAC
Finlandiyanın Helsinki şəhərində Azərbaycan Evinin açılış mərasimi keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Finlandiya paytaxtının mərkəzində yerləşən Azərbaycan Evinin açılış mərasimində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev, ölkəmizin İsveç və eyni zamanda, Finlandiyadakı səfirliyinin müşaviri Cavanşir Məmmədov, Türkiyənin Finlandiyadakı səfiri Deniz Çakar, Finlandiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen habelə, bu ölkədə yaşayan Azərbaycan və türk diasporunun fəalları iştirak ediblər.
Açılış lenti kəsildikdən sonra qonaqlara Azərbaycan evinin fəaliyyət istiqamətləri barəsində məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Elşad Əliyev diaspor komitəsinin xaricdə yaşayan həmvətənlərimizin fəaliyyətini dəstəkləməsi istiqamətində apardığı işlərdən danışıb. Bildirilib ki, hazırda dünyanın bir sıra ölkələrində ümumilikdə, 18 Azərbaycan evi fəaliyyət göstərir. Helsinkidə açılan Azərbaycan Evi ilə onların sayı 19-a çatıb.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vurğulayıb ki, digər ölkələrdə olduğu kimi Helsinkidəki Azərbaycan evinin də qapıları hər zaman Azərbaycanı sevən, onu tanımaq istəyən hər bir kəsin üzünə açıqdır. “İndi sizi bir araya gətirəcək və tədbirlər keçirə biləcəyiniz bir məkan var. Burada övladlarınız üçün Azərbaycan dili kursları təşkil olunacaq. İnanırıq ki, Finlandiyadakı kiçikyaşlı soydaşlarımız bu kurslardan müvəffəqiyyətlə yararlanacaq və bu ənənəni gələcək nəsillərə də ötürəcəklər”, - deyə Elşad Əliyev qeyd edib.
Finlandiyada Azərbaycan icmasının fəaliyyətinə toxunan sədr müavini burada peşəkar fəaliyyət göstərən, təhsil alan soydaşlarımızın hər zaman öz fəallığı ilə seçildiyini və həmvətənlərimizin uğurlarının ölkəmizin müsbət imicinin formalaşmasında böyük rol oynadığını bildirib.
Azərbaycanın İsveç və eyni zamanda, Finlandiyadakı səfirliyinin müşaviri Cavanşir Məmmədov ölkələrimiz arasında yaranan mehriban və dost münasibətlərin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, bu kimi mərkəzlər siyasi əlaqələrin inkişafı ilə paralel olaraq insanlar və mədəniyyətlərarası əlaqənin yaradılması ilə Finlandiyada ölkəmizin daha yaxşı tanınmasına xidmət edəcək.
Ölkəmizin keşməkeşli, lakin ləyaqətli tarixinə nəzər salan diplomat, bütün çətinliklərə baxmayaraq, Azərbaycanın bu gün davamlı inkişaf etdiyini və ərazi bütövlüyünü uzun davam etmiş münaqişənin bitməsi ilə təmin etdiyini də diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın haqq səsinin dünyada çatdırılması işində diasporumuzun rolu danılmazdır və bu fəaliyyət yorulmadan davam etdirilməlidir.
Finlandiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen Helsinkinin mərkəzində Azərbaycan evinin açılışını vacib hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, bu kimi layihələr Finlandiya ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün yeni başlanğıc rolunu oynamaqla yanaşı, Helsinkidə yaşayan həmvətənlərimiz üçün dilimizin və mədəniyyətimizin burada yaşayan gələcək nəsillərimizin nümayəndələrinə ötürülməsinə də xidmət edəcəkdir.
Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdiyini və qarşılıqlı səfərlərin nəzərdə tutulduğunu da qeyd edən xanım diplomat ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün mövcud imkanlardan söz açıb və bu imkanlardan yararlanmağın əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində beynəlxalq müsabiqələr laureatı vokalist Orxan Cəlilov və Finlandiyada yaşayan cavan həmyerlimiz, musiqiçi Mona Savojifarın ifasında səslənən milli mahnılarımız iştirakçıların marağına səbəb olub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki