İQTİSADİYYAT
Finlandiyanın “Ruukki Construction” şirkəti Azərbaycan ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Bakı, 5 noyabr, AZƏRTAC
Finlandiyanın tikinti üçün polad və polad konstruksiyaların həllərinin aparıcı beynəlxalq təchizatçısı olan “Ruukki Construction” şirkəti Mərkəzi Asiyada fəaliyyətini genişləndirmək, eyni zamanda, Qazaxıstan, Azərbaycan və Özbəkistan iş adamları ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq şirkətin Qazaxıstan nümayəndəliyi oktyabrın 30-dan noyabrın 2-dək Azərbaycan, Özbəkistan və Qazaxıstan jurnalistləri üçün bu ölkəyə press-tur təşkil edib.
Press-tur zamanı “Ruukki Construction” şirkətinin komponentlərin satışı və ixrac satışı üzrə direktor müavini Roman Senatorov məlumat verib ki, “Ruukki Construction” şirkəti Azərbaycan bazarına çıxmaqda maraqlıdır.
“Azərbaycanda kifayət qədər ciddi əməkdaşlıq etdiyimiz şirkətlər və bu ölkədə realizə etdiyimiz bir sıra böyük obyektlər var. Hazırda biz Azərbaycanda bu obyektlərlə, xüsusən də “Azərsun” şirkəti ilə əməkdaşlığı genişləndirmək niyyətindəyik. “Ruukki Construction” “Azərsun” ilə əlaqələrini inkişaf etməyi planlaşdırır. Azərbaycanın “Azərsun” şirkəti bizim şirkətin aparıcı tərəfdaşlarından biridir”, - deyən direktor müavini bildirib ki, gələcəkdə Azərbaycanda kiçik obyektlərin, eləcə də sifarişçilərin sayı artarsa, şirkət Bakıda nümayəndəliyini aça bilər.
“Bizim şirkət yüksək keyfiyyətli məhsul sayəsində bütün dünyada məşhurdur. Biz çox şadıq ki, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Qırğızıstandan olan sifarişçilər bizim məhsul və xidmətlərimizi layiqincə yüksək qiymətləndirir. Tikinti üçün polad və polad konstruksiyaların həllərinin aparıcı beynəlxalq təchizatçısı olan “Ruukki Construction” şirkəti regionda öz biznesinin inkişafında maraqlıdır və Mərkəzi Asiyada fəaliyyətini genişləndirəcək”, – deyə R.Senatorov diqqətə çatdırıb.
“Ruukki Construction” şirkətinin satış üzrə direktor müavini, Qazaxıstanda “Ruukki Rus” MMC-nin nümayəndəliyinin rəhbəri Yevqeni Konnov qeyd edib ki, bu il şirkət iqtisadi turbulentlikdən və bazarın konyukturasından asılı olmayaraq regionda satış həcmi iri olan sifarişçilərlə tərəfdaşlığın genişləndirilməsi sayəsində sabitlik nümayiş etdirib. Şirkət ilin sonunadək Qazaxıstan Respublikasının paytaxtı Astanada kosmik aparatların montaj-sınaq kompleksi üçün konstruksiyalarının tədarükünü başa çatdıracaq. “Ruukki”, eyni zamanda, ərazilərdə ekstremal iqlim xüsusiyyətləri ilə iş üzrə çox böyük beynəlxalq təcrübəyə malikdir. Bu da, öz növbəsində, şirkətin lokal sifarişçiləri ilə qarşılıqlı əlaqəsini asanlaşdırır. Çünki şirkət sifarişçilərə nə lazım olduğunu dəqiq bilir. Son bir il ərzində şirkət Qazaxıstana sexlərin, anbarların, sənaye və kənd təsərrüfatı təyinatlı anqarların tikintisində istifadəyə uyğun olan polad karkasların, sendviç panellərin, mühafizə konstruksiyalarının, üzlük və fasad sistemlərinin tədarükünü genişləndirib. 2017-ci ildə şirkət bazara yeni məhsullar, o cümlədən “Life” sendviç panelləri çıxarmağı planlaşdırır.
“Son bir neçə ildə Mərkəzi Asiyada öz mövqelərimizi xeyli gücləndirmişik”, - deyən Y.Konnov deyib ki, ötən il bizim ümumi ticarət dövriyyəmiz 670 milyon avro təşkil edib. Biz sifarişçilərimizin etimadını qazanmaq və işimizin keyfiyyətini, üstünlüklərini sübut etmək üçün uzun bir yol keçmişik. Şirkətin məhsulları bir sıra mühüm keyfiyyətləri ilə, o cümlədən istismarının zəmanət müddəti ilə də fərqlənir.
Mərkəzi Asiya regionuna cavabdeh olan şirkətin nümayəndəliyi 2008-ci ildən Qazaxıstanda fəaliyyət göstərir. Bu dövrdən indiyədək şirkət tərəfindən Mərkəzi Asiyada sənaye, kənd təsərrüfatı, ərzaq və avtoriteyl, logistika, həmçinin idman obyektləri üzrə 180-dən çox layihə həyata keçirilib. Mərkəzi Asiyada “Ruukki”nin sifarişçiləri sırasına "Şevron Munayqaz İnk", “Toyota City Astana”, “Almaty ICEBERG”, “ARSA Industry”, “Bəy +” və başqaları daxildir.
Şirkət regionda tikilən obyektlərin arasında ən çox tanınan “Atırau Akparat” telemərkəzin binası, Petropavlovsk şəhərində çoxfunksiyalı idman kompleksi, Almatıda “Lexus” və Astanada “Toyota” şirkətləri üçün avtosalon reallaşdırıb.
““Ruukki Construction” tikinti sahəsində istehlakçılara da xidmət göstərir. Biz layihələndirmədən quraşdırılmaya qədər məhsullar və xidmətlərin tam diapazonunu təklif edirik ki, bu da bizim korporativ müştərilərə, o cümlədən investorlara və tikinti şirkətlərinə fəaliyyətlərini inkişaf etdirməyə kömək edir. Taxtapuşçular bizim fərdi müştərilərimizdir, onlara “Ruukki Plannja” ticarət markaları altında məhsullar və quraşdırma xidmətləri təklif edirik. Pərakəndə satış müəssisələrindən başqa, biz taxtapuşçulara 9 ölkədə “Ruukki Express” mağazaları və “Plannja” məntəqələri vasitəsilə xidmətlər təklif edirik. “Ruukki Construction” şirkətinin ötən il xalis satış həcmi 5,374 milyon İsveç kronu (574 avro) təşkil edib”, - deyə Y.Konnov diqqətə çatdırıb.
Qeyd edək ki, “Ruukki Construction” “SSAB”ın törəmə şirkətidir. SSAB - Şimali Avropa ölkələrində və ABŞ-da yerləşən və dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərən poladtökmə şirkətidir. Şirkətin səhmləri Stokholm şəhərində “NASDAQ OMX” fond birjasında dövriyyədədir.
Jurnalistlər tikintisi “Ruukki Construction” tərəfindən reallaşan “ICEBERGAlmaty” logistika və “Ak Bulak” çoxfunksiyalı ticarət komplekslərinə və “LexusAlmaty” avtomərkəzinə baş çəkiblər.