İDMAN
Finlandiyanın məşqçisi: Bütün ölkələrin gimnastikanı Azərbaycan kimi inkişaf etdirməsini istərdim
Bakı, 23 iyun, AZƏRTAC
“Azərbaycanda gimnastika çox gözəl inkişaf edir. İstərdim ki, bütün ölkələrdə belə olsun”, - deyə bədii gimnastika üzrə Finlandiya komandasının məşqçisi Larisa Qryadunova AZƏRTAC-a müsahibəsində bildirib.
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yarışlarından danışan L.Qryadunova bildirib ki, bu turnirdə Finlandiyanı ölkə çempionu Yekaterina Volkova təmsil edir: "Volkova Olimpiya Oyunlarına lisenziya qazanıb. Ona görə də Olimpiada öncəsi son yarış çox vacibdir. Biz proqramımızı yenidən yoxlamaq və bu yarışlarda ediləcək səhvlər üzərində işləməliyik. Yəni, Bakı tamaşaçıları Volkovanın Olimpiadada nümayış etdirəcək proqramını əyani görə biləcəklər".
Onun sözlərinə görə, Bakıda yarışlar üçün çox yaxşı şərait var. "Biz Bakıya birinci dəfə gəlmirik, burada gözəl zal, gözəl insanlar var. Əhali gimnastikanı sevir. Ölkənizdə bu idman növünün inkişafı üçün çox iş görülür. Çox istərdim ki, bu, bütün ölkələrdə belə olsun”.
Bədii gimnastika üzrə Dünya Kubokunun final mərhələsi iyulun 22-dən 24-dək Bakıda keçirilir. Yarışın ilk iki günündə çoxnövçülük üzrə yarışlarda 26 gimnast və 9 qrup hərəkətləri komandası mübarizə aparıb. Dünya Kuboku yarışlarının son günündə isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq.
Yarışda ümumilikdə 17 ölkə iştirak edir. Bədii gimnastika üzrə Dünya Kubokunda ilk dəfə olaraq Livan gimnastları da çıxış edirlər.