İQTİSADİYYAT
“Finopolis 2019” forumunda Mərkəzi Bankın reallaşdırdığı Rəqəmsal İdentifikasiya Sistemi müzakirə edilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Rusiyanın Soçi şəhərində keçirilən “Finopolis 2019” forumunda Azərbaycan Mərkəzi Bankının (AMB) pilot olaraq reallaşdırdığı blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi müzakirə olunub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, Rusiya Mərkəzi Bankı tərəfindən təşkil edilən, ölkənin ən böyük innovativ maliyyə texnologiyaları tədbiri hesab olunan “Finopolis 2019”un məqsədi ölkənin maliyyə və bank sektorunun rəqəmsallaşması fonunda innovativ texnologiyaların tətbiqinin təşviqi və dəstəklənməsindən ibarətdir. Forumda müxtəlif ölkələrdən 130-dan çox məruzəçi, innovativ maliyyə texnologiyaları üzrə 1400-dən çox ekspert iştirak edib və geniş fikir mübadiləsi aparılıb.
Forumda Türkiyə, Rusiya, Çin və Qazaxıstan mərkəzi banklarının maliyyə texnologiyaları sahəsində innovativ layihələri və bu sahədə gələcək planları müzakirə edilib. Həmçinin Rusiyada fəaliyyət göstərən banklar, “startap”lar və maliyyə bazarının texnoloji şirkətləri tərəfindən tətbiq edilən maliyyə texnologiyaları və layihələri haqqında təqdimatlar keçirilib.
Rusiya Mərkəzi Bankı və Rusiya Maliyyə Texnologiyaları Assosiasiyasının dəvəti ilə tədbirdə məruzəçi qismində iştirak edən Azərbaycan Mərkəzi Bankının nümayəndəsi ölkəmizin Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin məqsədi və tətbiqi nəticəsində əldə ediləcək faydalar barədə məlumatı auditoriyanın diqqətinə çatdırıb. Bildirilib ki, adıçəkilən layihənin realizasiyası nəticəsində fiziki və hüquqi şəxslər banka yaxınlaşmadan məsafədən bank xidmətlərini operativ şəkildə əldə edə biləcək, bu zaman tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsinə ehtiyac olmayacaq və bununla da məlumatların tamlığının, əlçatanlığının və məxfiliyinin qorunması təmin olunacaq.
Forum iştirakçılarının ciddi marağına səbəb olmuş təqdimat nəticəsində uzaq və yaxın qonşu ölkələrin nümayəndələri Mərkəzi Banka səfər arzusunda olduqlarını, o cümlədən paylanılmış reyestr texnologiyasının bank sistemində tətbiqi üzrə əməkdaşlıq etmək niyyətlərini bildiriblər.