REGİONLAR
Fırat Purtaş: Şəkinin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil ediləcəyinə əminəm
Şəki, 2 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəkiyə türk dünyasının böyük şairi, alim və mütəfəkkiri Yusif Xas Hacib Balasaqunluya həsr olunan beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlmişik. İlk dəfə bu şəhərdə 2011-ci ildə olmuşam. Həmin il Şəki şəhəri “Azərbaycanın sənətkarlar paytaxtı” seçilmişdi. Beş il sonra isə Şəki artıq “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Bu illər ərzində Şəki, həqiqətən də, çox inkişaf edib, dəyişib. Burada milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunmasına böyük diqqət göstərilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş Şəkidə jurnalistlərə müsahibəsində deyib.
Şəki şəhərinin UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına da daxil ediləcəyinə əminliyini bildirən TÜRKSOY-un rəsmisi bunun heç də çətin olmayacağını vurğulayıb. “Çünki hazırda Şəkidə bu istiqamətdə məqsədyönlü iş aparılır. Şəki zəngin tarixi-mədəni irsi ilə buna tam layiqdir”, - deyə Fırat Purtaş bildirib.
TÜRKSOY-un dəstəyi çərçivəsində türk elm və sənət adamlarının iştirakı ilə Şəkidə bir sıra tədbirlərin, görüşlərin keçirildiyini diqqətə çatdıran təşkilatın rəsmisi, bu tədbirlərin türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, ortaq türk mədəniyyətinin inkişaf etdirilməsi, Şəkinin daha geniş tanıdılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
“Müstəqilliyinin bərpasının 25 illiyini qeyd edən Azərbaycanda bütün sahələr kimi, mədəniyyət də sürətlə inkişaf edir. Bu inkişaf paytaxtla yanaşı, bölgələrdə də aydın hiss olunur. Türk övladı olaraq bundan qürur duyuruq”, - deyə TÜRKSOY-un baş katibinin müavini bildirib.