CƏMİYYƏT
Firdovsi Əliyev: Əkilən ağacların sayı 650 mini ötüb VİDEO
Bakı, 6 dekabr, AZƏRTAC
Bugünkü ağacəkmə aksiyası dünyada bənzəri olmayan bir tədbirdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü həm indiki, həm də gələcək nəsillərə xidmət edir. Bizim hədəfimiz 650 min ağac idi. Lakin məlumatlar daxil olduqca görürük ki, əkilən ağacların sayı 650 mini də keçib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev dekabrın 6-da keçirilən mətbuat konfransında deyib.
Nazir müavininin sözlərinə görə, təkcə SOCAR kollektivi aksiya çərçivəsində 100 min ağac əkib. Onlar gəmi vasitəsilə 12 min ağacı Çilov adasına göndərib və həmin ağaclar orada əkilib.
Diqqətə çatdırılıb ki, aksiyada 200-dən çox dövlət qurumu və özəl təşkilat iştirak edib. Əkilən ağacların hamısı nazirliyin tinglik təsərrüfatlarında yetişdirilib. Bugünkü tədbirə Azərbaycanın xarici ölkələrdə olan səfirlikləri də qoşulub və fəaliyyət göstərdikləri ölkələrdə onlar üçün ayrılmış ərazidə ağac əkiblər. Daha çox yerli iqlim şəraitinə uyğun ağaclar seçilib. Meyvə ağaclarından daha çox badam, nar, ərik, şaftalıya üstünlük verilib. Ümumilikdə, aksiya zamanı 37 növ ağac əkilib. Demək olar ki, tədbirimiz yüksək əhval-ruhiyyə ilə yekunlaşıb.
“Belə tədbirlərimiz bundan sonra da davam etdiriləcək. Azərbaycanda ekologiya elminin banisi, akademik Həsən Əliyevin doğum günündə, yəni, dekabrın 15-də böyük ağacəkmə aksiyasının keçirilməsi nəzərdə tutulub. Həmçinin Azərbaycanda baramaçılığın inkişafı ilə bağlı olaraq bu yaxınlarda əhaliyə 700 min tut tingi paylanılacaq”, - deyə F.Əliyev qeyd edib.
Nazir müavini, göstərdiyi informasiya dəstəyinə görə AZƏRTAC-a minnətdarlıq edib. O, AZƏRTAC-ın ağacəkmə aksiyası ilə bağlı xəbərləri yeddi dilə tərcümə edərək bütün dünyaya yaydığını vurğulayıb.