İDMAN
Firdovsi Umudov: Dünya çempionatında uğurla çıxış edib azarkeşlərimizi sevindirməyə çalışacağıq
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımızın açıq məşqi olub.
AZƏRTAC xəbər verir ki, sərbəst güləş üzrə millimizin baş məşqçisi Firdovsi Umudov jurnalistlər üçün təşkil olunan brifinqdə deyib: “Artıq təlim-məşq toplanışımızı başa vurmaq üzrəyik. Bizimlə birgə hazırlıq prosesində Fransa və İtaliya yığmalarının üzvləri də iştirak edirlər. Bu həftə sonuncu yükləmələrimizi başa vururuq. Oktyabrın 18-də Macarıstana yollanacağıq. İki gün sonra isə yarışa start veriləcək. Yığmanın tərkibində gənclərə də yer vermişik. Ötən il və bu il beynəlxalq turnirlərində özlərini fərqlənən yeniyetmə və gənc idmançıları yığmanın heyətinə daxil etmişik. İnanırıq ki, onlar dünya çempionatında da özlərini yaxşı göstərə biləcəklər”.
Federasiyanın rəhbəri Namiq Əliyev ilə aparılan müzakirələr nəticəsində gənclərə üstünlük verilməsinin qərara alındığını vurğulayan F.Umudov bildirib ki, gələn il bizi məsul yarışlar gözləyir. Avropa çempionatı, ikinci Avropa Oyunları və Tokio Olimpiadasına lisenziya verən dünya çempionatı keçiriləcək. Ona görə indidən gəncləri gələcək yarışlara hazırlayırıq. İndi onların qarşısına medal qazanmağı şərt qoymamışıq. Əsas istəyimiz onların gələn il mötəbər turnirlər üçün təcrübə qazanmalarıdır. 2011-ci ildə Toğrul Əsgərovu yığmaya cəlb etdik. Bir il nəticə vermədi. Ancaq növbəti il həm Avropa, həm də Olimpiya çempionu oldu. Sözsüz ki, təcrübəli güləşçilərlə yanaşı, gənclərə də şans verməliyik. Bu gün komandanın tərkibində Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov, Cəmaləddin Məhəmmədov, Aslanbek Alborov, Georgi Edişeraşvili kimi təcrübəli güləşçilər var. Gənclərdən Pərviz İbrahimovu 61 kiloqram çəki dərəcəsində sınaqdan keçirəcəyik.
Baş məşqçi deyib ki, Olimpiya çəki dərəcələri üçün hər zaman ehtiyat qüvvəmiz olmalıdır. Əlbəttə, hər məşqçi öz yetirməsinin yarışlara getməsini istəyir. Ancaq biz güləşçilərin hazırlığına və nizam-intizamına fikir veririk. Bəzən elə olur ki, toplanışa hansısa idmançını daxil edirik, sonra şəxsi problemləri olduğunu bildirir. Problemi olan idmançı yığmanın hazırlıq prosesində iştirak edə bilməz. Hansı idmançı nizam-intizama əməl edirsə, məşqçilərin verdiyi tapşırıqları uğurla yerinə yetirirsə, o da yığmanın tərkibində yer alır. Pərviz İbrahimov, Hacımurad Hacıyev, Abubakr Abakarov və Murad Süleymanov kimi gənclər dünya və Avropa çempionatlarında, başqa beynəlxalq yarışlarda uğurlu çıxış etməklə əsas yığmada yer alıblar. Bizim onlara inamımız var.
“Proqnoz vermək istəmirəm. Komandada zədəli güləşçilər var. Hacı Əliyev zədəsini bərpa edərək məşqlərə qoşulub. Vətənimizi, dövlətimizi layiqincə təmsil etməyi qarşımıza məqsəd qoymuşuq. Bu il Qazaxıstan, Türkmənistan, Kanada, Fransa, İtaliya və Türkiyədən güləşçilər gəlib burada təlim-məşq toplanışı keçiblər. Bu da idmana və idmançılara dövlət səviyyəsində, şəxsən Prezident İlham Əliyev tərəfindən göstərilən qayğının təzahürüdür. Biz də çalışacağıq ki, dünya çempionatında uğurlu çıxış edib, dövlət himnimizi səsləndirək və azarkeşlərimizi sevindirək”, - deyə F.Umudov vurğulayıb.