MƏDƏNİYYƏT


Firəngiz Əlizadə: “Aga Khan Music Award” mükafatı ilə təltif olunmağımdan çox məmnunam

Bakı, 12 aprel, AZƏRTAC

Aprelin 12-də Azərbaycan Bəstəkarlar İttifaqında dünya şöhrətli bəstəkar, Xalq artisti Firəngiz Əlizadənin bu günlərdə Portuqaliyanın paytaxtı Lissabonda “Aga Khan Foundation” Beynəlxalq Fondunun “Aga Khan Music Award” mükafatı ilə təltif olunmasına həsr edilən mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə bəstəkarın “Nasimi Passion” əsəri nümayiş olunub.

Mətbuat konfransında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, musiqişünas Həcər Babayeva çıxış edərək Firəngiz Əlizadənin beynəlxalq uğuru, həmçinin mükafat barədə məlumat verib. Bildirib ki, 1967-ci ildə yaradılmış “Aga Khan Foundation” Fondu bu il ilk dəfə olaraq musiqi sahəsində beynəlxalq mükafat (“Aga Khan MusicAward”) təsis edib. Bəstəkarlıq sahəsində mükafatın ilk laureatı azərbaycanlı bəstəkar və pianoçu, 2007-ci ildə UNESCO-nun “Artist for Peace” adına layiq görülmüş Firəngiz Əlizadə olub. Mükafat görkəmli bəstəkara “Nasimi Passion” əsərinə görə verilib.

Diqqətə çatdırılıb ki, Portuqaliyanın paytaxtı Lissabonda 2019-cu ilin laureatlarının təltif edilməsinə həsr olunmuş təntənəli tədbir keçirilib. Bayram konsertindən sonra bəstəkarlıq sahəsində yeganə mükafatı Firəngiz Əlizadəyə Portuqaliya Prezidenti Marselu Rebelu da Soza, Əlahəzrət Ağa Xan və Şahzadə Əmin təqdim edib.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və başqaları çıxış edərək bəstəkarı beynəlxalq mükafata layiq görülməsi münasibətilə təbrik edib və ona yaradıcılığında uğurlar arzulayıblar. Qeyd edilib ki, geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq opera, balet, instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaradıb. Müasirlik və milli musiqi ənənələrinin parlaq təcəssümü Firəngiz Əlizadə yaradıcılığına xas olan cəhətdir və o, yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ edir.

Çıxışlarda bəstəkar və pianoçu Firəngiz Əlizadənin müasir akademik musiqi sahəsində görkəmli nailiyyətləri qeyd edilib. Vurğulanıb ki, onun yaradıcılığında Şərq incəsənətinin mənəvi zənginliyi və yüksək intellektualizmi cəlbedici qüvvə ilə əks olunub. Firəngiz Əlizadənin yaradıcılığı dünya musiqi prosesinə geniş inteqrasiya olunub, dünyanın konsert səhnələrində Hilary Hahn, Yo-Yo Ma, “Kronos Quartet”, “Berliner Philharmoniker”, “Royal Concertgebouw Orkestra” və “New Juilliard Ensemble” kimi aparıcı solistlər və kollektivlər tərəfindən tez-tez ifa olunur.

Tədbirdə “Aga Khan Foundation” Beynəlxalq Fondunun mükafatı ilə təltif olunmasından məmnunluğunu ifadə edən F.Əlizadə 2017-ci ildə Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə premyerası keçirilən “Nasimi Passion” əsəri barədə fikirlərini bölüşüb.

Sonda Firəngiz Əlizadə jurnalistlərin suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.