MƏDƏNİYYƏT
Firidun bəy Köçərlinin anım gününə həsr edilmiş “Əbədi yaşarlıq ünvanı” adlı tədbir keçirilib
Bakı, 27 yanvar, AZƏRTAC
Yanvarın 27-də, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın banisi Firidun bəy Köçərlinin anım gününə həsr edilmiş “Əbədi yaşarlıq ünvanı” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ədəbiyyat tarixçisi, nəzəriyyəçisi, tənqidçisi, tərcüməçi, pedaqoq və maarifçi Firidun bəy Köçərlinin həyat və fəaliyyətini əks etdirən “Tarixin izi ilə” filmi nümayiş edilib.
Tədbirdə çıxış edən kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova bildirib ki, Firidun bəy Köçərli Azərbaycan folklorşünaslığında da xüsusi xidmətləri olan şəxsiyyətlərdəndir.
“O, gənc nəsli düzgün tərbiyə etmək, onda vətənə, xalqa, ana dilinə məhəbbət duyğuları oyatmaq üçün uşaqları hələ kiçik yaşlarından şifahi ədəbiyyat nümunələri ilə tanış etməyi ilkin tərbiyə üsullarından sayır və bunu valideynlərə məsləhət görürdü. Heç təsadüfü deyil ki, o, çap etdirdiyi şifahi xalq ədəbiyyatı nümunələri kitabına bu baxımdan çox mənalı olan “Balalara hədiyyə” adı verib. Dövrünün ədəbi hadisələrini diqqətlə izləyən Firidun bəy Köçərli ədəbiyyatda xəlqiliyin və demokratik meyillərin inkişaf etdirilməsi üçün ciddi səy göstərmiş, realizmin yorulmaz təbliğatçısı olmuşdur. Azərbaycan mədəniyyəti tarixində dərin iz qoymuş əvəzolunmaz ədəbiyyatşünas Firidun bəy Köçərli illər ötsə də hörmətlə anılacaq, yada düşəcək, xalqımız böyük mütəfəkkirimizi heç vaxt unutmayacaq”, - deyə Z.Dadaşova bildirib.
Tədbir iştirakçılarına ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış F.Köçərli elektron məlumat bazası təqdim edilib. Daha sonra F.Köçərli haqqında yazılmış elmi məqalə tədbir iştirakçılarının diqqətinə çatdırılıb.