İQTİSADİYYAT
“Fitch Ratings” SOCAR-ın reytinqi üzrə proqnozunu yüksəldib
Bakı, 17 fevral, Nihad Budaqov, AZƏRTAC
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqi üzrə proqnozunu yüksəldib.
AZƏRTAC “Fitch Ratings”ə istinadla xəbər verir ki, beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinq proqnozunu Azərbaycanın suveren reytinqi ilə bərabərləşdirib.
“Fitch Ratings” SOCAR-ın emitentinin uzunmüddətli defolt reytinqini “BB+”, qısamüddətli defolt reytinqini “B” və təminatsız reytinqini isə “BB+” səviyyəsində təsdiq edib. “Fitch Ratings”, həmçinin SOCAR-ın bütün reytinq kateqoriyaları üzrə “neqativ” proqnozunu sildiyini və Azərbaycanın suveren reytinqi üzrə proqnozu - “stabil”lə eyniləşdirib.
“2018-ci ildə böyük boru kəməri və “Star” neft emalı layihələrinin başa çatması ilə SOCAR-ın ötən il 4,3 milyard manat olan kapital xərclərinin 2019-2020-ci illərdə 2 milyard manata enməsi gözlənilir. Kapital xərclərinin azalması ilə bağlı gözləntilər SOCAR-ın bütün reytinq kateqoriyaları üzrə “neqativ” proqnozunun silinməsində öz təsirini göstərib”, - deyə məlumatda qeyd edilir.
“Fitch Ratings” bildirir ki, Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənilməsinə dair müqavilənin müddətinin 2050-ci ilədək uzadılması Azərbaycan dövləti və SOCAR üçün müsbət nəticədir: “Azərbaycan hökuməti, SOCAR və beynəlxalq neft şirkətləri 2017-ci ilin sentyabrında AÇG yataqlar blokunun istismarı ilə bağlı hasilatın pay bölgüsü sazişinin müddətini 2050-ci ilədək uzadıb. “Fitch Ratings” bu addımı müsbət qiymətləndirir”.