REGİONLAR
“Fitnə” filmi Qafqaz Universitetində nümayiş etdirilib
Xırdalan, 19 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Qafqaz Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Fitnə” filmi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 19-da Qafqaz Universitetində DQİDK sədri Mübariz Qurbanlının tələbələrlə görüşündə ölkəmizdə dövlət-din münasibətlərindən, dini radikalizm və onun törətdiyi fəsadlardan söz açılıb.
Əvvəlcə tələbələr “Fitnə” filmini izləyiblər.
Sonra universitetin rektoru, professor Havar Məmmədov Azərbaycanın tolerant ölkə olduğunu bildirib, “Fitnə” filminin gənclərin din pərdəsi altında aparılan çirkin siyasətə qarşı maarifləndirilməsində xüsusi rol oynadığını vurğulayıb.
DQİDK sədri Mübariz Qurbanlı qeyd edib ki, tarixən din amilindən siyasi məqsədlər üçün istifadə olunub. Bu gün də dünyada İslam dininin yayılmasının və islam ölkələrinin inkişafının qarşısının alınması üçün dini radikalizmdən istifadə edilir. İslam dini əslində günahsız insanların öldürülməsinə, savadsızlığa qarşıdır.
Dövlət-din münasibətlərindən danışan komitə sədri vurğulayıb ki, dini radikalizm və xurafatla mübarizə aparmaq üçün gənclərimizin elmli olmaları da vacib şərtlərdəndir.
Sonda tələbələrin sualları cavablandırılıb.